Artıq 10-cu dəfə həyata keçirilən «Şahinlər» yay istirahət düşərgəsinə yeniyetmələrin yola salınma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Quba şəhərinin mənzərəli yerində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə yola salınıb. Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanıb. Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail RİH başçısı Asif Əsgərov uşaqlara şən və yaddaqalan istirahət arzulayıb. Bildirilib ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaq. İstək liseyinin Quba filialının bazasında yaradılmış düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib, istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilib. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb.
Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil ediləcək, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər.
Sonda qeyd olunub ki, səbailli yeniyetmələrin yay istirahəti və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqust ayının 17-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşil olunacaq.
Daxili Qoşunlar Baş İdarəsi Mənəvi-psixoloji Hazırlıq şöbəsinin rəisi, polkovnik Mətləb Qənbərov çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışmış və uşaqlara xoş istirahət arzulayıb. Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslarla Qubaya yola düşüblər.