“Ad günümü adi günlərdən biri kimi ailəmlə qeyd edəcəm. Amma torpaqlarımız işğaldan azad ediləndən sonra bu ilk doğum günümdür. İnşallah, gələn il əlli illik yubileyimdir və qismət olsa, onu Ağdamda, kəndimizdə keçirəcəm” - bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Firuz Səxavət deyib. Xanəndə bundan sonrakı ömrünü doğulduğu Ağdam rayon Abdal-Gülablı kəndində yaşamaq istədiyini bildirib:
“Ağdama kəndimizə getdim, Səxavət müəllimin məzarını ziyarət etdik. Ermənilər evlərimizi dağıtsa da, nədənsə kənd qəbiristanlığımıza toxunmayıblar. Orda həyat bərpa olandan sonra təbii ki, Səxavət müəllimin məzarını da təmir edəcəyik. Düzdü, uşaqlarım Bakıda yaşayır, onlar artıq şəhər adamıdır. Amma mən Ağdama qayıdacam, çünki artıq yaşımın elə bir vaxtıdır ki, kəndimizdə yaşamaq istəyirəm. Elə edəcəm ki, bundan sonrakı ömrümün çox hissəsi o torpaqlarda keçsin. Ötən il məni dostlar doğum günümə görə təbrik edəndə dedim ki, kaş Allah bizə Ağdama qayıtmağı qismət edərdi. Şükür Allaha ki, bir il sonra o gün gəldi çatdı. Bundan sonra ancaq ölkəmizə sülh və əmin-amanlıq arzu edirəm”.