QAZİLER.AZ saytı xəbər verir ki, Azərbaycanda Minalardan Zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə səfəri zamanı mina və partlamamış hərbi sursatlarla bağlı ehtiyatlı olmağa çağırıb.
O, bildirib ki, 44 günlük Vətən Müharibəsindən sonra - bu günə qədər 20 mülki şəxs minaya düşərək həlak olub, 40 nəfər isə yaralanıb. Hərbçilər arasında bu rəqəm ümumilikdə 97 nəfər təşkil edir.
“Torpaqlarımız işğaldan azad olunandan sonra Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), bu sahədə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları dəfələrlə təhlükəli ərazilərə qanunsuz səfərlər edilməməsi ilə bağlı çağırış ediblər. Eyni zamanda, qanuni, yəni icazəli səfərlər zamanında vətəndaşlarımızın mina və partlamamış hərbi sursatlarla bağlı ehtiyatlı olmağı tövsiyə edib. Bütün bunlara baxmayaraq, mülki əhali arasında itkilər yenə var. Ona görə də bir daha çağırış edirik: İşğaldan azad olunmuş ərazilərə icazəsiz səfərlər etməyin! İcazəli səfərləriniz zamanı isə mina və partlamamış hərbi sursatlardan qorunmaq üçün sizə verilən təlimatlara əməl edin!”, deyə Rey Kərimoğlu bildirib.
R.Kərimoğlu, eyni zamanda, işğaldan azad edilmiş ərazilərə yaxın kəndlərdə yaşayanlara, əraziyə səfər edənlərə müxtəlif məqsədlərlə əkin-biçin sahələrini yandırmamağa çağırıb. Ərazilərin yandırılması mina təmizləmə işinə mane olduğunu qeyd edib.