Biləsuvarda şəhidlərin medalları ailə üzvlərinə təqdim olundu. Azərbaycanın ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canından keçmiş 3 biləsuvarlı şəhid ölkə başçısının sərəncamı ilə dövlətimizin ali hərbi mükafatları ilə təltif olunub. APA TV-nin cənub bürosunun məlumatına görə, mükafatlar şəhərin Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə şəhidlərin ailə üzvlərinə təqdim edilib.
Mərasimdə iştirak edən Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani bildirib ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların şücaəti heç də diqqətdən kənarda qalmır. Onların ailə üzvlərinin qayğı və problemləri daim diqqət mərkəzində saxlanılır.Tədbirdə daha sonra medallar şəhidlərin ailə üzvlərinə təqdim edilib.
Şəhid gizir Pərvin Əliyevin ölümdən sonra təltif edildiyi “Hərbi xidmətlərə görə” medalını oğlu Riad, kiçik gizir Rahil Hüseynovun medalını isə anası Şahzadə Hüseynova qəbul edib. Şəhid gizir Şahmurad Əlizadənin ölümündən sonra layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı onun anası Sürəyya Əliyevaya təqdim olunub.
Sonda çıxış edən şəhid ailələrinin üzvləri övladlarının Vətən torpaqları uğrunda həlak olmaları ilə qürur hissi duyduqlarını, lazım gəldiyi təqdirdə özləri də silaha sarılaraq döyüşə atılacaqlarını bəyan ediblər.