Xaçmazda Vətən müharibəsi şəhidinin xatirəsinə abidə bulaq kompleksinin açılışı olub - FOTO

Xaçmazda Vətən müharibəsi şəhidinin xatirəsinə abidə bulaq kompleksinin açılışı olub -  FOTO backend

Xaçmaz rayonunun Pirquluoba kəndində Vətən müharibəsində şəhid olan gizir Orxan Çobanov və digər şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə kənd qəbristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Daha sonra yeni yaradılan abidə-bulaq kompleksi ilə tanışlıq olub. Kompleksdə gizir Orxan Çobanov və onunla birlikdə şəhidlik zirvəsinə ucalan Vətən oğullarının eləcə də Birinci Qarabağ müharbəsində canından keçənlərin şəkilləri yer alıb.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Orxan Çobanovun şərəfli həyat yolundan danışıb. Vurğulayıb ki, şərəfli döyüş yolu keçən Orxan və onun kimi şəhidlərin xatirəsi heç bir zaman unudulmayacaq.

Qeyd edilib ki, Orxan Çobanov 1997-ci il avqust ayının 2-də Xçmaz rayonunda dünyaya gəlib. Həqiqi hərbi xidməti başa vurduqdan sonra vətən sevgisi Orxanı hərbi xidmətdə qalmasına sövq edib. O, göstərdiyi şücayətlərə görə “Vətən uğrunda”, “Füzulinin işğaldan azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

 

Diaspora