Son günlərimin narahat və nigaran gecələri qəfildən qulağımın dibində ildırım kimi çaxan və ətrafı bəmbəyaz nura bələyən yalqız bir səsə çırpılır; pəncərəmdən gələn bu səs pəncərəmdən gələn daşdan da betərdir, ruhumu əlimdən alır: səksəkəli yuxularım narahat və nigaran gecərimlə birgə şüşə kimi çiliklənir və mən göz qamaşdıran bu bəyaz sonsuzluqda kor kimi ora-bura vurnuxa-vurnuxa yenə də ancaq onun son sözlərini eşidirəm: ”Uşaqlar! Məni güllələyin!..”
Bu, bir əsgərin finalöncəsi öz tamaşaçıları qarşısında – əsl döyüş səhnəsində qeyri-adi qəhrəmanlığı və o qəhrəmanlığın yaşam haqqını tanıdan sonuncu hökmüdür: Ölüm hökmü! Öz ömrünün, öz taleyinin tək hakimi bu hökmlə əbədiyyət haqqının halallığını hamıdan əvvəl Göydəkindən alır və yalnız bundan sonra yerdəkilərə verdiyi sonuncu mesajı ilə hər şeyi öz iradəsinin əsirinə çevirir: yaşamağın və yaşatmağın tək yolunu – ölümü seçir!..
Yəqin müharibəni sevmədiyimə görədir, mən Onun bu Qəhrəmanlığını hələ də axıradək başa düşə bilmirəm və özümü qaranlıq labirintdə yolunu azmış Çarəsiz Uşaq kimi hiss edirəm. İndiki məqamda kələfin ucu ilə birgə, özümü kiməsə böyük kimi təqdim etmək haqqımı da itirmişəm: bu anlarda o hökmə boy verəcək heç bir kəlmənin yiyəsi deyiləm. Sükutum Sözümdən böyükdür!..
Az əvvəl öz döyüş dostlarını zorla təhlükəsiz mövqeyə çıxaran və düşmənin qarşısını təkbaşına kəsən Əsgər, yaşamağın və yaşatmağın tək yolunu seçməklə, əslində, özündən çox ətrafındakıları seçim qarşısında qoyur; Ölümü yeni formatda, yeni ştrix-kodlarla təqdim edir; Ölümün içində oturub, Həyatın içindən danışır! “Milyon illərin qonşuluğunda yaşaya-yaşaya, hər gün göz-gözə gələ-gələ hələ də tanımadığımız, yad bir Ölüm varsa, o Ölüm üçün yaşanmış Ömür də var!..” deyir! Və öz silahdaşlarına atmalı olduqları sonuncu addımı xatırladır: “Uşaqlar! Məni güllələyin!..”
Ancaq indiyədək daha çox görmək istədiyindən ötrü bərələn gözlər, eşitmək istədiyindən ötrü şəklənən qulaqlar indiyədək görmədiyi, eşitmədiyi həqiqətləri tanımır və öz kandarından içəri buraxmır; indiyədək görmədiyi, eşitmədiyi həqiqətlərdən çəkinir, qorxur və öz iddialarının ilğıma bənzər gizli istehkamında özünümüdafiədən ötrü öz beynini yanlış təsəvvürlərlə, qurama alibilərlə doldurur!
Amma onun düşmən əlinə sağ keçməkdən qorxduğunu düşünmək azadlığı normal əxlaqın, normal təfəkkürün təpkisilə üz-üzə gələnədək davam edir. Özünü öz silahdaşlarından ötrü irəli verən və ölümün içinə atan bir əsgəri qorxaqlıqda suçlamaq istəyi anidən təhlükəli və iddialı absurda – qorxunc boşluğa çevrilir, müəlliflərini tərk-silah edir, müdafiəsiz vəziyyətdə qoyur və geri çəkilməyə vadar edir!
Axı bu, şüursuz, saxta və gizli çağırış deyil. Hamının asanlıqla qavraya biləcəyi düşünülmüş qərardır. Nə qanunu tanıyır, nə də hüququ! Amma hüququn da, qanunun da arzusunda olduğu mükəmməl hökmdür: dünyanın ən ədalətli hakimi də onu imzalamaqdan şərəf duyardı...
Bəs onda hökmün icrası niyə ləngiyir!!? Bəlkə qanunu da, hüququ da bir kənara qoyaq. Axı onu qanundan və hüquqdan qabaq, göydəki Allah da alqışlayır, yerdəki bəndə də – dost da, düşmən də! Amma hamı susur. Hamı heyrət içindədir! Heç kimin barmağı tətiyin yolunu tapa bilmir! Dostun da, düşmənin də! Və elə bu anlarda ehtirasların oxşar mozaikası bir-birinin qanına susamış adamları göy qurşağı kimi eyni cəbhədə birləşdirir!..
Hansısa gözəgörünməz ilahi bir gücün sirli orbitində dünyanın ən nadir hadisəsi yaşanır. Canlı heykəllər kamanından sıyrılmış oxdan – yerdəkilərin Göydəkinə doğru dartınan məzar daşından seçilmir! İndi o daşlar bu qatil dünyadakı qərib ruhların ən sonuncu bələdçisidi həm də! Həm də haradan gəldiyini bilməyən adamdan hara getdiyini soruşmazlar!..
Onsuz da zamanla əbədi təmas daşların üstünə yazılmış adları ustalıqla silir. Köhnə günahlar təzə nəsillərlə təkrarlanır! Müharibələr tarixin ən sevimli oyunu, adamlar müharibələrin ən sevimli oyuncağıdır! Tarix müharibələrlə əylənir! Müharibələrlə əyləndirir! Məğlubiyyət acısı ilə ağlatmaqdan, qələbə sevinci ilə güldürməkdən həzz alır! Ağlayanın da gözündən yaş süzülür, gülənin də! Heç kim bir-birindən seçilmir: Nə qalibi tanımaq olur, nə də məğlubu!
Adamları məsxərəyə qoyan, ələ salan, təhqir edən nəsə var ortada! Biz onun nə olduğunu bilmirik, amma min illərdi qulaqlarımıza çırpılan bir səsi hamımız hər gün aydın eşidirik: ölən də Allahı çağırır, öldürən də!..
Çarəsiz Uşaq sirli labirintdə qəfildən diksinir və heyrətlə hansısa məchul nöqtəyə doğru dartınır: indi o, düşdüyü bu qərib dünyada görə biləcəyi ən böyük möcüzə ilə üz-üzə dayanıb. Amma deyəsən, bundan xəbəri yoxdur, axı hər şey qeyri-iradi baş verir; zülmət qaranlıq quduz bir ögeyliklə üstünə yeriyir! Burada heç nə ona tanış gəlmir! Gerçəyin dili yaddır! Gerçəyi oxuya bilmir!..
Üstəlik, ətrafda bu anların ömrünü uzadacaq heç nə gözünə dəymir! İndi o, uçurumun ağzında dayanmış adam kimidir: gözünü aldadan nöqtədən əlini üzsə, hər şey biryolluq sona yetəcək, dibi görünməyən sonsuzluğa yuvarlanacaq. Amma bu sonun – dibi görünməyən sonsuzluğun içindən də ümidə bənzər nəsə boylanır. Və o, yalnız bu anda başa düşür ki, onu azıb qaldığı qaranlıq labirintdən xilas edəcək yeganə yolu da ancaq bu göy qurşağının – rəngli qübbənin altında axtarmalıdır...
İndilərdə isə müharibə öz palitrasında tarıma çəkilmiş sinirlərdən hörümçək toru hörür. Adamları öz beynində, öz düşüncəsində öz toruna salır; Sevgi və Nifrət, Qorxu və Cəsarət, İnam və Tərəddüd, Qəzəb və Mərhəmət, Olum və Ölüm məngənəsində var gücü ilə sıxır, hər kəsi öz qatilinə çevirməyincə, kirimək bilmir və lap axırda hərəni öz içində bir cür öldürür...
Müharibələr bitir! Amma qətlləri bitmir! Müharibələr bitir! Amma özünü yaddaşlarda bitirmir, bitməyə qoymur: adamları uğrunda döyüşdükləri torpaqda öz toxumu kimi bitirir. Ölümləri Olumların məbədinə çevirir və bir də yenidən geri qayıdanadək öz yeni qurbanlarını hər gün yenidən öz ayağına – öz ziyarətinə gətirir! Öz ölülərinə ağlayan adamların üzunə öz Ölümlərindən gülə-gülə boylanır!
Və heç vaxt unudulmağı sevmir! Unudulduğunu duydumu, dərhal sükutun içindən vulkan kimi püskürür; qəfildən dirçələn ölüm xəbərlərilə şahə qalxır; hər evə, hər ürəyə soxulur; adamların ruhuna təpilir, ruhuna sancılır; adamların ruhunu sancır! Özünəqəsd, intihar... – yalançı səbəblərdir – başımızın altına yastıq kimi qoyduğumuz; laylalardır – narahat ruhumuzu bir hovur kiritmək xətrinə çaldığımız! Əslində, müharibənin ucqarları fəth edən, ucqarlaradək sürünən uzantısıdır! Özünəqəsd, intihar... – döyüş itkisidir!..
Ölüm – müharibənin şah əsəridir! Müharibə – ölümün ən yaxşı şəkli!
Bu şəkildə təcrübəli butaforların sahilsiz fantaziyası barıt qoxulu səhnələrə dar gəlir! Orada dünyanın ən dahi rəssamı burada dünyanın ən zavallı adamı ilə döyüşə girib! Orada ən dahi rəssamın fırçası burada ən zavallı adamın silahına uduzur! Gözümüzün içində, qulağımızın dibində Qələbənin və Məğlubiyyətin himni bəstələnir! Və biz bu Qələbənin, bu Məğlubiyyətin bətnindən gələn qatil bir sükutun soyuq nəfəsini, ayaq səslərini hiss etmirik! Budur o: bir ürək döyüntüsü qədər rahat bir tətik döyüntüsü! Və rənglərin dağ şəlaləsi kimi aşıb-daşan simfoniyası, bənzərsiz naxışı, plastikası! Qulaq asanların eşitmədiyi! Baxanların görmədiyi!..
Müharibədə hər şey əbədiyyətə sığınır! Müharibədə hər şey əbədiyyətə sırınır! Orada ölənləri başı üstünə qaldıranlar, burada öldürənlərə də aşağıdan yuxarı baxırlar. Qorxma! Ölsən də qalibsən! Öldürsən də! Çünki bu qətl deyil! Çünki heç kim sənə qatil kimi baxmır! Və sən bu müharibə qalereyasında Olumun içindəki Ölümün, Ölümün içindəki Olumun tək qəhrəmanısan! Baş qəhrəmanı! Ölümü qandallayan Sizif! Qaranlıqdan doğan İşıq! Günəş kələfçəsi!..
...Müharibənin ən ali ladında Qələbənin və Məğlubiyyətin himni çalınır – “Cənnət-Cəhənnəm” havası! Ortada adamların kor kimi baxdığı, kar kimi qulaq asdığı bir məqam – bir not var ancaq! Ancaq hamının içində qumbara kimi partlayan bir məqam – bir not: “Uşaqlar! Məni güllələyin!!!”
Bu, şüursuz, saxta və gizli çağırış deyil! Təbiətin altını üstünə – astarını üzünə çevirən döyüş stixiyasıdır! Amma nə Ölümdür, nə də ölmək istəyi! Çünki O, müharibənin dəyişə bilmədiyi adamdır; çünki O, müharibənin dəyişə bilmədiyi üçün sevmədiyi adamdır; hətta indiki məqamda təsəlliyə ehtiyac duymur! Ölümü və ölmək istəyini öz Azadlığı və azadlıq yanğısı ilə obrazlaşdırır! Öz nadir təbiətilə Ölümün və ölmək istəyinin təbiətini dəyişir! Ölümə və ölmək istəyinə yeni nəfəs, yeni ab-hava – yeni fəsil gətirir...
Ətrafda hər şey bu fəsilin havasına köklənib! Hər şey bu notun yedəyindədir: Sevgi Nifrətlə, Qorxu Cəsarətlə, İnam Tərəddüdlə, Qəzəb Mərhəmətlə çiyin-çiyinə verib ritm tutur, Olum Ölümlə qol-qola girib halay vurur. Meydanda hamını “Cənnət-Cəhənnəm” havası vurur! Hamı “Cənnət-Cəhənnəm” havası ilə vurulur!
Aşağıda – torpağın bağrından qopan ah! Yuxarıda – şüşə kimi çiliklənmiş göy üzü! Və arada yaddaşın – yaddan çıxanların, yaddan çıxarılanların üsyanı: İtaətsiz trafik sinirlərin çoxdan gözlənilən qeyri-adi sürprizi – obrazların xaotik diffuziyası! Çağırılmamış qonaqlar – meydandakıların əl-ayağına dolaşan, əl-ayağından yapışan körpələr! Oyuncaq evciklər və gəlinciklər, oyuncaq əsgərlər və silahlar. Və bütün bunların içində hamını və hər şeyi tamamlayacaq, hamının və hər şeyin davamı kimi görünəcək qədər inanılmaz bütövlük – ilahi harmoniya! Təbiət hadisəsi! Ən boğuq vurğusu, ən sınıq hecası, ən ümidsiz vəzni ilə! Burada heç kim və heç nə bir-birinə yad deyil! Burada müharibənin ən iyrənc ehtiraslarını damardakı qan kimi donduran və döyüşün amansız simasını qəfildən dəyişən qos-qoca bir doğmalıq var ancaq! Ancaq nə o körpələri, nə də o körpələrin oyuncaqlarını görən var! Çünki bu üsyan hamının öz içindən püskürür!
Bu üsyan hamını öz içindən püskürür! Pərən-pərən salır! Və Çarəsiz Uşağı öz tərkinə alıb qədim Romanın uzaq sahillərinədək aparır! Qəhrəmanların Vətəninə! Romanı hələ də ölməyə qoymayan, Romanı hələ də yaşadan qəhrəmanların! O qəhrəmanları əbədi sürgünə göndərən və öz üsyankar təfəkkürü ilə ən mürəkkəb əbədiyyət tənliyinin ən sadə həllini tapan xalqın: Heç bir müharibə qələbəsi Qəhrəmanı əbədi sürgün qədər tarixin və xalqın gözündə əbədi ucalda və yaşada bilməz!..
Çünki bu, yalnız əbədi sürgün deyil! Bu, həm də əbədi cəhddir, əbədi əzabdır! Əbədi sürgün – əbədi əzab! Və bu əbədi sürgünün – əbədi əzabın içində Romanı hələ də ölməyə qoymayan qəhrəmanların özünü hələ də ölməyə qoymayan, Romanı tarixin yaddaşında şəkilləndirən və yaşadan qəhrəmanların özünü tarixin yaddaşında şəkilləndirən və yaşadan sual: “Kim olduğunu unutmamısan ki!!?”
Burada hər səhər bu sualla açılır; hər nəfəs bu sualla dərilir; hər gün bu sualla yaşanır! Və yaşmanır! Çünki bu Vətənin sərhəddi müharibənin başladığı yerdə bitir; müharibənin bitdiyi yerdən başlayır! Sahibsiz məzarlardan! Bu Vətənin sərhəddi həm də o sahibsiz və sahilsiz məzarlardan gələn səsdir: “Kim olduğunu unutmamısan ki!?”
Bu səs qaranlığın içində ildırım kimi çaxır! Özünü hər kəsə tanıdır! Hər kəsi Özünə tanıdır! Və necə gəlmişdisə, eləcə, rəngli bir səhnə pərdəsi kimi qəfildən asta-asta öz içinə çəkilir, öz içinə yığılır və öz qəhrəmanlarını savaşın məhək daşı ilə baş-başa buraxır, üz-üzə, göz-gözə qoyur! Və bir uşaq ərköyünlüyü ilə meydana müharibənin ən təhlükəli metamorfozunu daşıyır! Allahların uydurulmuş obrazını! Və hər əsgərin öz Allahını! Və hər Allahın öz səngərini! Ruhsuz tövbələrin, ölü etirafların dəfn yerini: “Bağışla, İlahi, keç günahımızdan! Biz heç vaxt Sənin kimi Tənha, Sənin qədər Tək ola bilmədik!..”
Və budur o: bir ürək döyüntüsü qədər ehtiraslı bir tətik döyüntüsü! Və güllələrin dağ şəlaləsi kimi aşıb-daşan simfoniyası, bənzərsiz naxışı, plastikası! Qulaq asanların eşitmədiyi! Baxanların görmədiyi! Amma qulaq asanların da, baxanların da heç vaxt unutmadığı, unuda bilmədiyi bir məqam – bir not! “Uşaqlar! Məni güllələyin!!!”
Amma heç vaxt keçmişdə qalmayacaq bir məqam! Amma həmişə zamanı keçmişdə qoyacaq bir not! Elə bir məqam, elə bir not ki, öz içindən sağ buraxdığı adamlara qiyamətədək fürsətin fövtə verildiyi, şansın qaçırıldığı vaxtları xatırladacaq; ölməyin yaşamaqdan asan olduğu vaxtları!..
P.S. Mən, öz doğmalarına görə öz sinəsini irəli verən Adamdan – Ağdamdan yazmaq istəyirdim, əslində...
Əslində, Ağdamdan yazmaq üçün Ağdama gedənlərdən Ağdamın yerini soruşmaq istəyirdim!..
Axar.az