İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib

İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib backend

Milli Məclisin İntizam Komissiyasının bu gün keçirilən iclasında Baş prokuror Kamran Əliyevin təqdimatı əsasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsinə baxılıb.

İntizam Komissiyası məsələyə baxaraq deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclis sədri Sahibə Qafarova 53 deputatın tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.