"Sən demə, məni aldadıb, sürpriz edəcəkmiş..." - Şəhid xanımının xatirələrindən

"Sən demə, məni aldadıb, sürpriz edəcəkmiş..." -  Şəhid xanımının xatirələrindən backend

Ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad edilməsinə görə", "Vətən uğrunda" medalı ilə təltif edilən şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova ağır itkinin ağrısını, sevdiyinin yoxluğunun acısını sosial şəbəkədə paylaşır. Paylaşır ki bəlkə azala ürəyindəki yanğı... Xatirələrini paylaşmaqla onları öləziməyə, ölməyə qoymur. Sevgisini, sevdiyini beləcə yaşadır...

Heç cür barışa bilmir onun yoxluğu ilə. Günlər, həftələr, aylar bir-birini əvəz etdikcə azalmaq bilmir ki, bu nisgil, hələ bir az da üstünə gəlir...

Sədaqətli şəhid xanımının son paylaşımlarından birini təqdim edirik: 

"Nişanlı olanda Farizimin ad gününü bizim evdə keçirməyi qərara aldıq. Atam sağ idi onda. O qədər həvəslə gözləyirdim ki, Farizimin ad gününü keçirməyi...Günləri sayırdım.. Neçə gün öncədən hazırlaşırdım...

Maddi imkanımız aşağı olduğundan ona nə alacağımı və ad gününü necə keçirəcəyimizi düşünürdük. Atam usta idi. Fevral ayı idi. Qış fəslində də heç kim ev təmir etdirmir adətən. Atamın qazancını saxlayıb, ehtiyacımız olan yerə xərcləyirdim az-az...

Mağazaya getdim ki, FARİZİMƏ nəsə alım. Cəmi 50 manat pulum var idi. 2 ədəd ətir və bir ədəd ag rəngdə köynək aldım. Mağazada qol saatı da görmüşdüm, çox bəyənmişdim, amma pulum çatmadı deyə ala bilmədim...gələndə atama göstərdim aldıqlarımi, bircə saat ala bilmədiyimi dedim. Məyus olduğumu hiss etdi. Axı o mənim xoşbəxt olmağımı, üzümün gülməyini istərdi hər zaman.

Atam süfrə hazırlamaqda mənə kömək etdi. Anam yox idi. Atam həm anam idi, həm də atam...

Tort bisirdim FARİZİMƏ, yeməklər hazırladım. Süfrəmiz kasıb olsa da xoşbəxt idik...

Həmin gün qurban olduğum zəng elədi ki, gələ bilməyəcəm, buraxmırlar. Elə pis oldum ki, əlim-qolum boşaldi. Nə həvəslə hazırlamışdım hər şeyi...Sən demə, məni aldadıb, sürpriz edəcəkmiş. Birdən qapı açıldı, uca boylu igidim girdi içəri. Necə sarildimsa boynuna, atamın yanımda olduğunu belə unutdum...

25 yaşı tamam olurdu. Elə sevinirdi ki. Deyirdi mənim ilk dəfədir ki, belə gözəl ad günüm keçir. Tortunu kəsdi, şirinliklə qeyd etdik igidimin ad gününü. Növbə gəldi hədiyyə verməyə çatdı. Aldıqlarımi gətirdim, qəbul etmək istəmirdi ki, "sənin özün mənə hədiyyəsən neynirəm bunları" - deyirdi. Birtəhər məcburiyyətlə götürdü. Saat ala bilmədiyimə görə çox məyus idim. Bir də gördüm atam öz qolundan saatını çıxarıb Farizimin qoluna taxdi. Gözlərimiz doldu həmin an: "Elçin əmi, niyə mənə xəcalət verirsən, bu sənin saatindir, mən qəbul edə bilmərəm"- deyə FARİZİM qəbul etmək istəmirdi. "Bu saat səndən dəyərli ola bilməz, oğlum. Qolunda saxla, vaxt gələcək mən olmayacam, o saata baxıb, mənim də Elçin adlı qaynatam vardı deyib rəhmət oxuyarsan"- söylədi atam. Qucaqladilar bir-birini...

Onlar qaynata-kürəkən yox, ata-oğul kimi idilər...

Toy günümüzdə Farizim bəylik kostyumu seçdi, amma köynək almadı. Niyə almamağının səbəbini soruşanda: "Heç bir köynək sənin mənə aldığından üstün ola bilməz"- deyib ad günündə ona aldığım köynəyi bəy köynəyi kimi geyindi mənim nəfəsim..."

Diaspora