BDU şəhid və qazi tələbə və məzunları ilə bağlı kompleks tədbirlər həyata keçirir

BDU şəhid və qazi tələbə və məzunları ilə bağlı kompleks tədbirlər həyata keçirir backend

44 günlük Vətən müharibəsində Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunları da iştirak ediblər. Vətən müharibəsində iştirak etmiş BDU məzunlarından 18-i şəhidlik zirvəsinə ucalıb.

Bunu AZƏRTAC-a müsahibəsində BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov deyib. O qeyd edib ki, Elşən Salayev, Yüksəl Əlizadə, Hüseyn Quliyev (Tarix fakültəsi), Ceyhun Şalıyev (Hüquq fakültəsi), Nadir Nadirli, Tərxan Qurbanov (Biologiya fakültəsi), Tural Eyyubov (Tətbiqi riyaziyyat və kibernetika fakültəsi), Fikrət Zeynallı, Şəhriyar Həbibli (Fizika fakültəsi), Kənan Məmmədov (Filologiya fakültəsi), Vüqar Məmmədov (İlahiyyat fakültəsi), Şamil Nəcəfov, Seyfəddin Dadaşov, Nicat Əhmədov (Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi), Manaf Bəhmənli (Mexanika-riyaziyyat fakültəsi), Cavid Manafov, Ataməli Musaoğlu (Sosial elmlər və psixologiya fakültəsi), Nurlan Əbilov (Coğrafiya fakültəsi) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid tələbə və məzunlar müxtəlif orden və medallarla təltif ediliblər.

Ramin Səmədov bildirib ki, universitetin kollektivi, struktur bölmələri, eləcə də tələbə təşkilatları şəhidlərimizin xatirəsini daim uca tutmaq, tələbə-gəncləri şəhid və qazilərimizin qəhrəmanlıqları ilə tanış etmək məqsədilə mütəmadi tədbirlər həyata keçirir. Universitet rəhbərliyinin qərarına əsasən, şəhidlərimizin xatirəsinin uca tutulması, şəhidlik zirvəsinə ucalmış məzunlarımıza diqqət göstərilməsi, qazi tələbələrimizin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində dəstəyin göstərilməsi və s. məsələləri nəzərdə tutan tədbirlər planı işlənib-hazırlanıb.

Tədbirlər planına müvafiq olaraq, şəhidlərimizin xatirəsinin əziz tutulması, qəhrəman döyüşçülərimizin təhsil problemlərinin öyrənilməsi və onlara qayğı və diqqət göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

BDU-nun şəhid tələbə və məzunlarının xatirə lövhəsi yaradılıb. Universitetin əsas binasının foyesində BDU-nun şəhid tələbə və məzunlarının xatirə lövhəsində şəhidlərimizin hər birinin fotoşəkili yerləşdirilib.

Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır. BDU Elmi şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş altqruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün, qanunvericiliyə müvafiq olaraq, bütün şərait yaradılır.

BDU-nun şəhid məzunlarına həsr olunmuş videoçarxlar hazırlanaraq təqdim edilir. BDU TV və BDU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə şəhid və qazi tələbə və məzunlarımıza həsr olunan, onların keçdiyi şərəfli döyüş yolunun, valideynlərinin, ailə üzvlərinin, tələbə yoldaşları və müəllimlərinin xatirələrinin əks olunduğu videoçarxların hazırlanmasına başlanılıb. Sosial elmlər və psixologiya fakültəsinin şəhidlik zirvəsinə ucalmış məzunu Cavid Manafova həsr olunmuş ilk videoçarx ictimaiyyətə təqdim edilib.

Hüquq fakültəsində “Qəhrəmanını tanı” layihəsi çərçivəsində qəhrəmalarımızın tanıdılması məqsədilə videoçarxlar hazırlanır. İlk videoçarx Vətən müharibəsində rəşadətlə döyüşmüş və şəhidlik zirvəsinə ucalmış Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyevə həsr olunub.

BDU TV-də universitetin 18 şəhid məzunu haqqında sənədli film hazırlanır.

BDU-nun şəhid məzunlarının ailələri ilə mütəmadi əlaqə saxlanılır, onlara diqqət və qayğı göstərilir, şəhid valideynləri universitetdə təşkil olunan tədbirlərə dəvət olunurlar.

Universitet və Missiya internet televiziyasının birgə layihəsi olaraq “BDU-nun tarix yazan şəhid məzunları” layihəsi çərçivəsində şəhidlərimiz haqqında reportajlar hazırlanır. Layihənin məqsədi universitetin şəhidlik zirvəsinə ucalmış məzunlarının xatirəsini yaşatmaq, onların şərəfli döyüş yolunu yaddaşlara həkk etməkdir. Bu məqsədlə universitet kollektivinin və tələbə təşkilatlarının iştirakı ilə ziyarət olunan şəhid ailələrindən reportajlar hazırlanır və geniş ictimaiyyətə təqdim edilir. Layihə çərçivəsində BDU-nun şəhid tələbə və məzunlarından Cavid Manafov, Nicat Əhmədov, Şamil Nəcəfov, Manaf Bəhmənli, Ceyhun Şalıyev, Vüqar Məmmədov, Ataməli Musaoğlu haqqında reportajlar hazırlanıb. Layihə davam etdirilir.

2021-ci il iyunun 10-da Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və əməkdaşlar Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Şamil Nəcəfovun ailəsi ilə görüşüb. Şəhidin ali təhsil haqqında diplomu valideynlərinə təqdim olunub.

BDU-nun şəhid tələbə və məzunları və qazi tələbələri haqqında məqalələr, müsahibələr hazırlanaraq ölkənin kütləvi informasiya vasitələrində dərc olunur. Eyni zamanda, BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində şəhid tələbə və məzunlarımız, qazilərimiz haqqında mütəmadi olaraq materiallar verilir.

Vətən Müharibəsi iştirakçısı olan tələbə və məzunlarla onlayn görüşlər, dəyirmi masalar və s. keçirilir.

2020-ci il dekabrın 15-də “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsi elan olunub, müsabiqə qaliblərinin əsərləri KİV-də yer alıb.

Kimya fakültəsində “Qarabağa bahar gəldi” onlayn rəsm müsabiqəsi keçirilib, müsabiqəyə tələbələr parlaq Qələbəmiz və qəhrəman əsgərlərimizə həsr etdikləri rəsmləri təqdim ediblər.

BDU-nun şəhid məzunlarına həsr olunan kitab nəşrə hazırlanır. Kitabda BDU-nun 18 şəhid məzunu haqqında müəllimlərinin və tələbə yoldaşlarının fikirləri də öz əksini tapacaq.

Tədbirlər planına müvafiq olaraq müxtəlif layihələr, tədbirlər davam etdirilir.

Şəhidlər bizim qürurumuz, fəxrimizdir. Onların xatirəsini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur.

Diaspora