"Gənc qazilər" qurumu yarandı: Sədr seçildi... - AÇIQLAMA

"Gənc qazilər" qurumu yarandı: Sədr seçildi... - AÇIQLAMA backend

"Qarabağ qaziləri" ictimai birliyinin nəzdində "Gənc qazilər" filialı yaradılıb.

Bu barədə Qaziler.az saytına "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev məlumat verib: 

"44 günlük Vətən müharibəsindən sonra sağlamlığını itirərək qazi olmuş şəxslərin problemləri ilə maraqlana biləcək konkret  bir təşkilat yaradılmadı. Bunu nəzərə alaraq birliyimizin nəzdində gənc qazilər filialı yaratmağı qərara aldıq. Filial Qarabağ savaşında oddan-alovdan keçərək yaralanmış gənclərdən təşkil olunub. Qurumu yaradan gənclər iclas keçirərək özlərinə sədr və İdarə Heyəti üzvlərini seçdilər. Qazi Hacı Vəliyev filialın sədri seçilib. Bu gün "Qarabağ qaziləri" birliyinin ofisində Hacı Vəliyevə filialın əsasnaməsi və Ədliyyə Nazirliyindən bunu təsdiqləyən bildiriş və digər müvafiq sənədlər, o cümlədən birliyin qazi vəsiqəsi təqdim olunub".

Birliyin sədri qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlardan  da aydın olur ki, qazilərin xeyli problemləri var.

""Qarabağ qaziləri" birliyi uzun illərin təcrübəsi olan təşkilat kimi onların problemlərini imkan daxilində həll etməyə çalışır. Lakin düşündük ki, bu, kifayət etmir.  Onun üçün də gənc qazilərin bir yerə toplaşaraq problemlərinin həlli yolunda addımlar atmaq üçün bir struktur yaratmağı qərara aldıq. Biz də öz təcrübələrimizi, bildiklərimizi Vətən savaşından üzüağ çıxan gənclərimizlə bölüşərək bu yöndə onlara yardımçı olacağıq. Eyni zamanda, dövlət qurumları,  müəyyən dövlət strukturları ilə ciddi və sıx əlaqələri olan təşkilat olaraq Vətən müharibəsində sağlamlığını itirmiş gənc qazilərin problemlərini, qayğılarını həll etməyə çalışacağıq" - deyə Asəf Əliyev əlavə edib.

Qazilər.az

Diaspora