Türkiyəli həkimlər Azərbaycana gəldilər, qurban kəsdilər - FOTO

Türkiyəli həkimlər Azərbaycana gəldilər, qurban kəsdilər - FOTO backend

Emin Həsənli: “Bu cür təşkilatlarla əməkdaşlığın çox böyük önəmi var”

Qardaş Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyinin rəhbər heyəti Azərbaycanda olub. Səfər Qurban bayramı günlərinə təsadüf edib.
Qonaqlar Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin, onun həyat yoldaşı, görkəmli aftolmoloq Zərifə Əliyevanın məzarını, daha sonra Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edərək hörmət və ehtiramlarını ifadə ediblər.

Dərnəyin rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovla görüş keçirərək, nazirliyin tabeliyində olan Bakı Reabilitasiya Mərkəzində qaziləri ziyarət ediblər. TƏBİB-in aidiyyatı mütəxəssisləri, Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev, Tibb Univeristetinin rektoru, professor Gəray Gəraybəyli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Qarabağ bölgə müxbirləri ilə də görüş keçirilib.
Qurban payları Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Yevlax, Beyləqan, Goranboy Kəlbəcər rayonlarını əhatə edərək şəhid ailələrinə, qazilərə, müxtəlif qoşun növlərini əhatə edən hərbi hissələrin şəxsi heyətinə, aztəminatlı ailələrə verilib.

Bütün bunlar barədə “Yeni Müsavat”a məlumat verən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bunları deyib: “Türkiyənin bir çox Qeyri-Hökumət Təşkilatları ilə bizim təşkilatın çox sıx əməkdaşlığı var. Bu təşkilatlardan biri Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyidir. Bunlar hər il gəlib Azərbaycanda qurbanlarını kəsirlər. Bu il Qarabağda qurbanlar kəsdilər.

Polad Həşimovun ailəsi başda olmaqla şəhid ailələrini ziyarət etdilər. Vətən müharibəsi vaxtı 504 həkim cənab prezidentə müraciət etdi ki, gəlib fəaliyyət göstərməyə, dəstək olmağa hazırıq. Pandemiya dövrü də bu cür müraciət etmişdilər. Müharibə dövrü Azərbaycana tibbi yardımlar göndərdilər. Bir sözlə haqq işimizi daim dəstəkləyirlər. Bu cür təşkilatlarla əməkdaşlığın çox böyük önəmi var. Eyni zamanda, bu cür səfərlər Türkiyə-Azərbaycan qardaşlığına böyük töhfə verir. Hər il deyirdilər ki, qismət olsun, qurbanlarımızı Qarabağda, Şuşada kəsək. Bu il o qismət oldu”.


“Yeni Müsavat”

Diaspora