Növbəti mərhələdə bu ərazilərin mina xəritələri alına bilər

Növbəti mərhələdə bu ərazilərin  mina xəritələri alına bilər backend

Azərbaycanla Ermənistan arasında Qarabağda basdırılmış mina xəritələri ilə bağlı danışıqlar davam edir. Bu barədə erməni KİV-ləri məlumat yayıb. İddia olunur ki, 23-31 avqust tarixlərində Bakı ilə Yerevan sayca üçüncü dəfə mina xəritələrinə dair razılıq əldə edəcək.

Belə ki, daha 15 diversantın qaytarılması qarşılığında rəsmi Yerevanın mina xəritələrinin basdırıldığı ərazilərin yeni siyahısını Azərbaycana təqdim edəcəyi deyilir.

Bu dəfə Azərbaycana azad olunmuş hansı ərazilərin mina xəritələri veriləcək?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlamasında bildirib ki, ermənilər mina xəritlərinin verilməsini alverə çeviriblər:

“Minalarla bağlı konvensiya tələblərinə əsasən münaqişədən sonra hər iki tərəf özlərinin yerləşdirdiyi minaları təmizləyib, əraziləri bir-birinə təhvil verməlidir. Çox təəssüf ki, Ermənistan heç bir konvensiya tanımır və beynəlxalq hüquq normalarını pozur. Təbii ki, onlardan belə bir addım atmasını gözləmək olmaz. Ermənilər mina xəritələrinin verilməsini alver predmetinə çeviriblər. Xəritələrin əvəzinə nə isə istəyir, hansısa şərt qoymağa çalışırlar. 

Sözsüz ki, Azərbaycan tərəfi mina xəritələrinin əldə olunmasına maraqlıdır. Çünki minalı ərazilərin xəritəsinin bizdə olması infrastrukturun bərpasının sürətlənməsinə xidmət edir”.

Ş.Ramaldanov hesab edir ki, xəritələrin verilməsi mərhələli olacaqsa, Azərbaycan ilk növbədə yol şəbəkələrinin və logistik xətlər gedən ərazilərin mina xəritələrini tələb edəcək:

“Biz bilirik ki, İkinci Dünya Müharibəsindən indiyə kimi ərazilərdə qazıntı işləri aparılan zaman partlayıcı maddələr tapılır. Mən düşünürəm ki, mina xəritələrinin verilməsi bir müddət çəkəcək. Ancaq Azərbaycan dövlətinin səyi nəticəsində ölkəmizə son model minatəmizləmə texnikaları gətirilib.

Hesab edirəm ki, əgər mina xəritələrinin verilməsi mərhələ forması daşıyacaqsa, birinci növbədə yol şəbəkələri və logistik xətlər olan yolların mina xəritələri istəniləcək. Görülən işlər onu göstərir ki, Şuşaya və Füzulidən cənuba gedən yol strukturunun xəritələri tələb olunacaq. Sadəcə biz o xəritələrin nə qədər düzgün olduğuna zəmanət verə bilmirik”.