Niyə Rusiya “Pegasus”dan istifadə etmir?

Niyə Rusiya “Pegasus”dan istifadə etmir? backend

Bugünlərdə beynəlxalq araşdırıcı jurnalistlər qrupu üzə çıxardı ki, dünyanın bir çox repressiv hökuməti media təmsilçilərinin, ictimai-siyasi fəalların, hüquq müdafiəçilərinin telefonlarını İsrailin “NSO Group” şirkətinin hazırladığı “Pegasus” adlı casus proqramı ilə izləyir.

Araşdırma dünya mediasında yayılandan sonra “NSO Group” şirkəti bəyan etdi ki, “Pegasus” proqramını özəl şirkətlərə, yaxud ayrı-ayrı fərdlərə deyil, yalnız etibarlı dövlət orqanlarına satır.

Maraqlıdır ki, “NSO Group”dan “Pegasus” proqramını almış dövlətlər arasında Rusiyanın adı yoxdur. Halbuki İsraillə Rusiyanın münasibətləri kifayət qədər normal sayıla bilər.

Bəs onda nə əcəb jurnalistləri, ictimai-siyasi fəalları, hüquq müdafiəçilərini daima izləməklə məşğul olan Rusiyanın Federal Təhlükəsizlik Xidməti, yaxud digər qurumları “NSO Group”un müştəriləri sırasında yer almır?

Novator.az-ın məlumatına görə, Rusiyanın ingilis dilində çıxan “The Moscow Times” qəzeti yazır ki, bunun çox maraqlı səbəbi var.

Qəzet bildirir ki, Rusiya dünyanın casus texnologiyaları bazarında fəal alver edir, ayrı-ayrı ölkələrə bu sayaq texnologiyalar satır. Amma Rusiyanın dövlət orqanları prinsipial olaraq heç bir ölkədən casus proqramı almır. Səbəb təkcə onda deyil ki, Rusiyanın özünün istehsal etdiyi casus proqramları yetərincə keyfiyyətlidir. Əsas səbəb ondadır ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti xarici casus proqramlarına olduqca şübhə ilə yanaşır.

Federal Təhlükəsizlik Xidməti hesab edir ki, casus proqramı hazırlayan şirkətlər öz ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bu isə həmin ölkələrin xüsusi xidmət orqanlarına proqramı almış başqa ölkələrin, o cümlədən Rusiyanın apardığı kəşfiyyat əməliyyatlarına müdaxilə etmək imkanı verə bilər.

Məqalədə qeyd olunur ki, “Pegasus” proqramının fəaliyyətinə nəzər salanda Federal Təhlükəsizlik Xidmətinin şübhələrinin əsassız olmadığını görmək mümkündür.

“NSO Group” istehsal etdiyi casus proqramlarını dövlət orqanlarına satır. Proqramdan istifadə edən dövlət orqanı istifadəçini izləmək üçün onu “Pegasus” vasitəsilə quraşdırılan linki özü də hiss etmədən işə salmağa yönəltməlidir. Link işə düşəndə isə “Pegasus”un idarəetmə və nəzarət serverləri ilə əlaqə yaranır. Nəticədə “Pegasus”u istehsal edən “NSO Group” şirkəti öz müştərilərinin izlədiyi hədəflər haqda məlumat toplamış olur. Bunlar elə məlumatlardır ki, Rusiyanın xüsusi xidmət orqanları onu heç vaxt özgələri ilə bölüşmək istəməz.

“Pegasus”la bağlı araşdırma aparan beynəlxalq jurnalist qrupu 50 min telefon nömrəsindən ibarət siyahı əldə edib. Həmin telefon nömrələrinin sahibləri yəqin ki, “NSO Group”un müştərilərinin marağında olan şəxslərdir. Belə çıxır ki, bir neçə ölkədə izlənən hədəflər “NSO Group” şirkətində vahid bir siyahıya daxil edilib.

“The Moscow Times” yazır: “İndi bundan sonra kim Rusiya Federal Təhlükəsizlik Xidmətinin xarici casus proqramlarına şübhəsini paranoya kimi qiymətləndirə bilər?”

Diaspora