Xocavənd rayonu üzrə 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, hesabat məruzəsində və çıxışlarda rayonun sosial-iqtisadi göstəriciləri təhlil olunub, xocavəndli məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, ərazisi işğal altında olan Xocavənd rayonunun əhalisi respublikanın 36 şəhər və rayonunda məskunlaşıb. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı və 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisində salınmış yaşayış massivində kompakt şəkildə yaşayırlar.
Hesabat dövründə Xocavənd qəsəbəsinin uzunluğu 5,6 kilometr olan giriş və mərkəzi yolu asfaltlanıb, qəsəbənin abadlaşdırılması, Bayraq Meydanının, idman zalının tikintisi, telefonlaşma işləri, eyni zamanda, Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrinin telefonlaşması üçün tikinti işləri davam etdirilib.
Çıxışlarda uğurlarla yanaşı nöqsanlar da qeyd olunub, onların aradan qaldırılması yollarından danışılıb.