BMT-nin Komissiyası Azərbaycanı fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsinə malik ölkələr sırasında təqdim edib

BMT-nin Komissiyası Azərbaycanı fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsinə malik ölkələr sırasında təqdim edib backend

BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) Siyasət icmalı (Policy Brief) üzrə növbəti buraxılışında fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələrin adını açıqlayıb.

Qazilər.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin nəticələri əsasında Azərbaycan həmin sahədə müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edilib. Layihə yaşlıların rifah halının yaxşılaşdırılması, fəal və sağlam həyat tərzinin təmin edilməsi, fəal yaşlanmanın təbliği məqsədilə aparılan dövlət siyasətinə dəstək məqsədi daşıyır.

UNECE-nin Siyasət icmalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) birgə icra etdiyi bu layihə çərçivəsində yaşlı insanların tənhalıq və sosial təcriddən uzaq olmaları üçün bir sıra tədbirlər həyata keçirildiyi bildirilir.

Layihə üzrə xüsusilə yaşlı nəslin rəqəmsal xidmətlərə çıxışına nail olunması üçün aparılan işlərdən bəhs olunur. Onlayn məlumat və xidmətlərdən faydalanmaları üçün əsas rəqəmsal bacarıqlara yiyələnmələri məqsədilə təlimlərin təşkil olunduğu, yaşlı insanlara lazımi İT avadanlıqları və internet imkanı verilməsi və s. kimi tədbirlər qeyd edilir. Görmə imkanları məhdud yaşlılar üçün onlayn kitabxananın yaradıldığı diqqətə çatdırılır.

COVID-19 pandemiyası dövründə yaşlı insanların koronavirusdan qorunmaları üçün məlumatlandırılması, sosial təcrid şəraitində asudə vaxtlarını səmərəli keçirmələri üçün layihə əsasında onlayn müstəvidə aparılan işlərdən də bəhs olunur. Sağlam həyat tərzi, qidalanma, fiziki və zehni sağlamlığı, ruhi stabilliyi qorumaq, eləcə də yaşlı insanların maraq və ehtiyaclarına uyğun digər mövzularda onlayn sessiyaların, zoom vasitəsilə fiziki məşq və həkimlərlə birgə xüsusi seansların, psixoloqlarla qrup seanslarının, məsləhətləşmələrin təşkil edildiyi, yaşlıların iştirakı ilə silsilə həvəsləndirici videoçarxların, tövsiyə xarakterli çarxların hazırlandığı və s. vurğulanır.

Qeyd edək ki, UNECE-nin Siyasət icmalında fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olduğu açıqlanan ölkələrin sırasında Azərbaycanla yanaşı, Avstriya, Belçika, Kanada, Çexiya, Finlandiya, Almaniya, İrlandiya, İsrail, İtaliya, Lüksemburq, Malta, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ yer alır.

Diaspora