Türk dünyasının böyük sərkərdəsi - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına hərbi - siyasi dəstəyini əsirgəməyən, Qafqaz İslam Ordusunu formalaşdıran Ənvər Paşanın nəticəsi Ənvər Burak Azərbaycana gəlib.
Qaziler.az bildirir ki, Ənvər Paşanın nəticəsi Ənvər Burak, Turan Araşdırma Dərnəyinin başqanı Hasan Besri Pehlivan və Azərbaycan Türk Ocağının sədri, tarixçi-jurnalist Akif Aşırlı Qurban bayramı münasibəti ilə "Qarabağ qaziləri" birliyinin ofisində olublar. Onlar Qarabağ qaziləri ilə görüşüblər.
Görüşdə Akif Aşırlı çıxış edərək babasının adını daşıyan Ənvər Burakın Azərbaycana səfərinin məqsədindən danışıb. Onun xahişi ilə qazilərlə görüşə gəldiklərini bildirib.
Sonra Ənvər Burak çıxış edərək qaziləri Qurban bayramı və 44 günlük Vətən savaşında Azərbaycanın qazandığı qələbə münasibətilə təbrik edib.
"Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev çıxış edərək hörmətli qonaqları Azərbaycanda görməyə məmnun olduqlarını bildirib. Sədr birliyin fəaliyyətindən danışıb. Qonaqlara qazilərlə görüşə gəldiklərinə görə təşəkkürünü bildirib.
Turan Araşdırma Dərnəyinin başqanı Hasan Besri Pehlivan və görüşdə ürək sözlərini bölüşən qazilər Azərbaycan-Türkiyə qardaşlığından, Azərbaycanın müharibədə qazandığı zəfərdən danışıblar.
Görüşdən sonra qazilərə qurban payları verilib.




