Paytaxtın bir sıra rayonlarında “patı” və “şüşə” adlı narkotik maddələr satan 19 nəfər saxlanılıb

Paytaxtın bir sıra rayonlarında “patı” və “şüşə” adlı narkotik maddələr satan 19 nəfər saxlanılıb backend

Polis əməkdaşları Bakıda narkotik vasitə və psixotrop maddələrin onlayn satışı ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əməliyyatlar paytaxtın Xətai, Nizami, Suraxanı və Xəzər rayonunda baş tutub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də paytaxtın digər rayonlarında, o cümlədən sosial şəbəkələrdə külli miqdarda “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin heroin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əvvəlcə sosial şəbəkələrdə yayılan görüntülər əsasında binaların bloklarında “şüşə”, yəni, metamfetamin satan paytaxt sakini Qədim Manafov və Sahib Mustafayev saxlanılıblar. Onların üzərinə baxış zamanı külli miqdarda metamfetamin, elektron tərəzi və narkotiklərin onlayn satışında istifadə olunan bank kartları aşkarlanıb.

Rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs, əvvəllər məhkum edilmiş Hüseyn Orucov tutulub. Onun üzərindən və Suraxanı rayonundakı evindən satış üçün qablaşdırılan 50 büküm metamfetamin, iki elektron tərəzi, 1 kiloqramm 430 qram heroin və xeyli sayda bank kartları aşkarlanıb. Davam etdirilən əməliyyat zamanı müəyyən edilib ki, Hüseyn Orucov narkotik vasitələri Rəfail adlı şəxsdən alıb. Həmin şəxs - Abşeron rayon sakini Rəfail Zeynalov da Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Xırdalan şəhərindəki mənzilinə baxış zamanı 2 kiloqram 430 qram heroin, 350 qram tiryək, satış üçün qablaşdırılan 100 büküm metamfetamin, iki elektron tərəzi, “COLD” markalı tapança, həmin silaha aid 2 sandıqça, 16 patron, bir uzaqgörmə cihazı və narkotiklərin onlayn satışı zamanı istifadə olunan bank kartları aşkar edilib. Rəfail Zeynalov ifadəsində sosial şəbəkələr vasitəsilə tanış olduğu və xarici ölkələrdən birində yaşayan şəxsin vasitəçiliyi ilə narkotik vasitələrin satışını həyata keçirdiyini etiraf edib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı paytaxt sakinləri - əvvəllər məhkum olunmuş Ceyhun Cəfərzadə və Rəşid Əliyev saxlanılıblar. Onların əsasən Sabunçu və Lökbatan qəsəbələrində metamfetamin, eləcə də narkotik tərkibli digər maddələrin satışını həyata keçirdikləri müəyyən olunub. Ceyhun Cəfərzadə ilə bağlı keçirilən əməliyyat tədbiri zamanı müəyyən edilib ki, o, taksi şirkətlərindən birində qeydiyyatdan keçərək, taksi fəaliyyəti görüntüsü yaratmaqla elə idarə etdiyi avtomobildə “patı” və “şüşə”nin satışını həyata keçirib. Onun nəqliyyat vasitəsinə baxış keçirilən zaman külli miqdarda heroin və metamfetamin, bir elektron tərəzi aşkar olunub. Rəşid Əliyevdən isə ümumilikdə 1 kiloqram 335 qram metamfetamin, heroin, eləcə də satışı qadağan olunan metadon və tramadol həbləri aşkarlanıb. Rəşid Əliyev də ifadəsində Ceyhun Cəfərzadə ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Bu əməliyyatlar zamanı Xətai Rayon Polis İdarəsi tərəfindən ümumilikdə 6 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsilə birbaşa cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn satışını həyata keçirən şəxs saxlanılıb. Bölmə ənməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı vətəndaş Dilsuz İsmayılov Nizami rayonu ərazisində tutulub. Onun üzərinə baxış zamanı 610 qram “patı”, “şüşə” adlanan metamfetamin, 90 qram heroin və 1 kiloqram 150 qram marixuana aşkar olunub. Dilsuz İsmayılov ifadəsində sosial şəbəkələrdə səhifələr yaradaraq narkotiklərin satışını təşkil etdiyini bildirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsində toplanan materiallar istintaq şöbəsinə göndərilib.

Analoji tədbirlər Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də rayonun Əmircan qəsəbəsində həyata keçirilib. Əməliyyat zamanı həmin qəsəbədə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan yeddi nəfər - Emil Qaraxanov, Mətləb Qəhrəmanov, Vaqif Hüseynov, Rəhman Qurbanov, Anar Əliyev, Səttar Fərəcov və Böyükağa Nəhmətov saxlanılıblar. Onların üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 700 qramdan artıq “patı” adlanan metamfetamin aşkarlanıb.

Xəzər Rayon Polis İdarəsinin və 3-cü polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Binə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Binə və ətraf ərazilərdə narkotiklərin satışını həyata keçirən İmran Əliyev, Həsən Əsədullayev, Ruslan Dəmirov, Rahib Quliyev və qardaşı Sərraf tutulublar. Bu şəxslərdən satmaq üçün əldə etdikləri külli miqdarda heroin və metamfetamin aşkar olunub. Bu əməliyyatlar nəticəsində ümumilikdə 9 kiloqramdan artıq narkotik vasitə və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Xətai, Nizami, Suraxanı və Xəzər Rayon Polis idarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.