Litvalı jurnalist Riçard Lapatis Xocalı hadisələrinin canlı şahidi, birinci Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran hərbi müxbirdir. Ona qarşı erməni diasporları tərəfindən təzyiq göstərilsə də, jurnalist susmamaqda qərarlıdır.
Qazilər.az xəbər verir ki, Qarabağ mövzusuna həssas yanaşan Riçard Ağdamla bağlı xatirələrini feysbuk hesabında paylaşıb:
“Həmişə Ağdamın dağıntılarını görəndə fikirləşirdim ki, görəsən Allahverdi Bağırovun qəbri, ordakı digər qardaş və bacıların, ermənilərin vəhşicəsinə öldürdüyü insanların məzarı nə vəziyyətdədi?! İyulda – işğaldan bir az əvvəl Ağdamı tərk etdim. Qəbirstanlıq qalmışdı və çox böyük idi. Ucu-bucağı görünmürdü, çünki qurbanlar çox idi. Orda yüzlərlə insan dəfn edildi. Onların arasında çoxsaylı Xocalı sakini var idi. Erməni quldurları onların cənazələrini təhqir edirdilər. Sonuncu dəfə Allahverdi Bağırovun məzarı başında dua etdim və vidalaşdım. O, Azərbaycanın Milli Qəhrəmanı idi, elə mənim üçün də... Ağdam şəhərində anadan olub. 7 qızı olan böyük ailənin 8-ci oğlan uşağı idi. Ona görə də valideynlərinin qərarı ilə adını Allahverdi qoymuşdular. Bakıdakı dəhşətli yanvar hadisələrindən sonra o, könüllü dəstə yaradaraq erməni quldur dəstələrinə qarşı mübarizə aparıb. İyunun 12-də bir sıra döyüşlərdə iştirak edib. O vaxt Qarabağda olan səfərim vaxt bu hadisələrə təsadüf edib.
Allahverdi - keçmiş idmançı, Ağdam Futbol Klubunun məşqçisi idi. Uşaqlar onu sevirdilər. Lakin o, ölkə tarixinin ən çətin dövründə müharibəyə yollandı. Allahverdi Bağırov Azərbaycan müstəqilliyini elan edəndən sonra Ağdam şəhərində ilk dəfə dövlət bayrağını qaldırıb. Erməni quldurlarının Alverdinin sağlığında Ağdamı almayacaqlarını bilirdilər. O, çox sayda Xocalı sakininin həyatını xilas edib. Qəbiristanlıqda ermənilərin belə vandal hərəkətləri ürəyimi ağrıdır”.