"Ermənilər Tovuz döyüşləri ilə bağlı heç bir hədəfinə nail ola bilmədi" - General - VİDEO

"Ermənilər Tovuz döyüşləri ilə bağlı heç bir hədəfinə nail ola bilmədi" -  General - VİDEO backend

Tovuz döyüşləri yeni tariximizin parlaq səhifələrindən biri və 44 günlük müharibənin başlanmasının əsas səbəblərindəndir. Lakin Tovuz döyüşləri olmasa idi belə, 44 günlük müharibə gec-tez başlayacaqdı. 27 illik işğalın 27 il daha davam etməsi qəbul edilə bilməzdi.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov Tovuz döyüşlərinin 1 ilinin tamamlanması ilə bağlı danışarkən deyib.

Yaşar Aydəmirov bildirib ki, Tovuz döyüşləri 44 günlük müharibənin özəyini təşkil edir:

“Ermənistan silahlı qüvvələri ilk dəfə idi ki, genişmiqyaslı şəkildə fərqli istiqamətdən, yəni Tovuz ərazisindən dövlət sərhədlərimizi pozmağa cəhd edirdi. Onu da deyim ki, bu, ermənilərin 2016-cı il Aprel döyüşlərindən sonra keçirdiyi ən böyük hərbi təxribat idi. Lakin nəticədə ermənilərin bütün xəyalları kimi, bu xəyalı da darmadağın oldu. Tovuz döyüşləri Azərbaycan ordusunun əzmini, peşəkarlığını, Vətəni yüksək səviyyədə müdafiə etmək bacarığını bir daha sübut etdi. Düşmən Ordumuzun Tovuz istiqamətində zəif olduğunu düşünürdü. Buna görə də məhz buradan ediləcək hücumu “müvəffəqiyyətlə” başa vuracağını düşünürdü. Lakin yekunda biabırçı məğlubiyyət nəsibləri oldu. Tovuz döyüşlərini, onun qurbanlarını, şəhidlərimizi heç zaman unutmaq olmaz. Polad Həşimov kimi bir generalımız şəhid oldu”.

General-leytenant Tovuz döyüşlərində Ordumuzun ən böyük uğuru haqda danışıb:

“Tovuz döyüşləri zamanı ən böyük uğurumuz müdafiə xəttindən bir qarış belə geri çəkilmədən düşmən təxribatına layiqli cavab verməyimiz və bütün baş verənlərə baxmayaraq, Ordumuzun düşmənin təxribatına uymaması idi. Ermənilərin Tovuza hücumunda əsas məqsədi əslində tam fərqli idi. Belə ki, onlar Tovuza hücum edərək Ordumuzu Ermənistan ərazisinə çəkmək, beləcə KTMT-ni münaqişəyə cəlb etmək istəyirdilər. Çünki Ermənistan ordusu təkbaşına Azərbaycan Ordusu ilə bacara bilməyəcəyini yaxşı bilirdi. Ermənilər yaxşı anlayırdı ki, gec-tez İkinci Qarabağ müharibəsi baş verəcək. Çünki heç bir ölkə torpaqlarının işğalı ilə əbədi barışa bilməz. Buna görə də ermənilər təhlükəli bir qumar oynadı və nəticədə uduzan tərəf oldu. Azərbaycan Tovuz hadisələrində ermənilərin təxribatına uymadı və beləcə ermənilər KTMT-nı münaqişəyə cəlb edə bilmədi. Lakin əvəzində 44 günlük müharibə gedişində Ordumuz yüksək peşəkarlıqla düşməni ən qısa zamanda Qarabağda məğlub etdi”.

General bildirib ki, ermənilər Tovuz döyüşləri ilə bağlı heç bir hədəfinə nail ola bilmədi:

“Mən açıqca deyirəm: ermənilər Tovuz döyüşlərinə yaxşı hazırlansa da, qarşıya qoyulan heç bir hədəfə nail ola bilməzdi. Misal üçün tez-tez səslənən bir versiyadır ki, ermənilərin əsas hədəfi Tovuz və ora yaxın ərazidən keçən beynəlxalq neft-qaz boru kəmərlərini istifadəyə yararsız hala gətirmək, beləcə ölkə iqtisadiyyatına ziyan vurmaq idi. Doğrudur, belə bir versiya var. Ermənilərin hədəfi bu ola bilər. Lakin bunun baş verməsi mümkün deyildi. Çünki ermənilərin hədəf aldığı məntəqələr çox öncədən Ordumuz tərəfindən yüksək peşəkarlıq və dövrün ən modern müdafiə sistemləri ilə qorunurdu. Ermənilər Mingəçevir SES və bir sıra başqa hədəfləri 44 günlük müharibə zamanı hədəfə aldı. Lakin o məntəqələr də eyni ilə qorunurdu”.