Hacıqabulda cari ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, hesabat dövründə rayon üzrə 106 milyon manatlıq ümumi məhsul tədarük olunub, altı ayda məhsul buraxılışı sənayedə 2,2 milyon manat, kənd təsərrüfatında 60 milyon manat, tikinti-quraşdırma işlərində 13,7 milyon manat təşkil edib. Bu müddətdə bütün sahələr üzrə artım müşahidə edilib.
Məruzə və çıxışlarda qeyd olunub ki, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında islahatların uğurla həyata keçirilməsi taxılçılığın və tərəvəz məhsulları istehsalının artması ilə nəticələnib. Hər hektardan əldə edilən məhsuldarlıq da yüksəlib.
Ötən müddətdə 43 min 981 ton taxıl, 5 min 278 ton tərəvəz, 2 min 98 ton meyvə, 428 ton kartof tədarük olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 7 min 960 ton, tərəvəz istehsalı 8 ton, meyvə istehsalı 2 ton, kartof istehsalı isə 10 ton artıb.
Bildirilib ki, heyvandarlıq və quşçuluq sahəsində də nəzərəçarpacaq artım müşahidə edilib. Ət, süd, yun, yumurta istehsalı artıb.
Hesabat yığıncağında əminliklə vurğulanıb ki, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Sonda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunub.