Muxtar respublika idmançıları cari ilin birinci yarısında 53 medal qazanıblar. Bunlardan 30-u Azərbaycan çempionatlarında, 12-si beynəlxalq turnirlərdə, 8-i dünya çempionatlarında, 1-i Avropa çempionatlarında, 2-si isə I Avropa Oyunlarında əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində cari ilin ilk 6 ayının yekunlarına həsr olunan kollegiya iclasında qeyd edilib.Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2015-ci ilin birinci yarısında öz işini təsdiq olunmuş iş və tədbirlər planına, həmçinin 2015-ci il fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqlara uyğun qurmağa çalışıb. Ümumilikdə bəhs edilən dövrdə nazirlik tərəfindən gənclərlə iş üzrə 84 tədbir icra olunub.
Azad Cabbarov diqqətə çatdırıb ki, həmin müddətdə kütləvi bədən tərbiyəsi və idman üzrə 45 tədbir təşkil edilib, bunlardan 2-si beynəlxalq səviyyəli yarış olub. Nazirlik, muxtar respublikanın idman federasiyaları və aidiyyəti təşkilatlar tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə əlaqədar muxtar respublikada müxtəlif idman yarışları keçirilib, Naxçıvan Şahmat Mərkəzində Beynəlxalq Şahmat Festivalı, Şərur Olimpiya-İdman Kompleksində kikboksinq üzrə Azərbaycan çempionatı, gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarış yaddaqalan olub.
Tanınmış məşqçilərin muxtar respublikaya dəvət edilməsinin, yerli məşqçilərin təlimlərdə iştirakının da diqqətdə saxlanıldığını bildirən nazir bildirib ki, bu ilin 6 ayı ərzində muxtar respublikada müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları ardıcıl olaraq təşkil edilib. Bu ilin iyun ayında Bakı şəhərində keçirilən I Avropa Oyunlarında muxtar respublikadan boks üzrə Tayfur Əliyevin və sərbəst güləş üzrə Hacı Əliyevin bürünc medal qazanması Naxçıvanda idmanın sürətli inkişaf etdiyindən xəbər verir.
Sonra məruzə ətrafında çıxışlar olub.