Bələdiyyələr üçün yeni metodiki vəsait çap edilib.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi sahəsində bələdiyyələrə metodiki rəhbərliyin göstərilməsi nazirliyə həvalə olunub. Bələdiyyə orqanları ilə aparılan məlumatlandırma və maarifləndirmə işləri ilə yanaşı, müxtəlif metodiki görüşlər, normativ hüquqi sənədlər hazırlanıb. Həmin işlərin davamı olaraq nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi tərəfindən “Bələdiyyələrin vergi sistemi” adlı yeni metodiki vəsait hazırlanaraq çap edilib. Vəsait ölkə Konstitusiyasının, Vergi Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” qanunların, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin və digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla hazırlanıb.Metodiki vəsait yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarını və yerli (bələdiyyə) vergi xidməti orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən edir.
Metodiki vəsaitdə “Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması haqqında ərizə”nin tərtib olunması qaydası, “Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin elektron sənəd mübadiləsi haqqında ərizə” formasının doldurulması qaydası, elektron sənəd mübadiləsi haqqında müqavilə, qanunlardan çıxarışlar, yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin uçota alınması üçün bələdiyyələr üzrə müəyyən edilən kodların siyahısı və sair barədə ətraflı məlumatlar yer alıb.