Ermənilərin məhkəməsində aydın olub ki...

Ermənilərin məhkəməsində aydın olub ki... backend

"Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı həyata keçirdiyi terror və təxribat xarakterli hərəkətlər Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bir daha təsdiqini tapdı".

Qazilər.az bildirir ki, bunu Trend-ə açıqlamasında jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, ittiham olunan şəxslərin ifadələri sübuta yetirdi ki, Ermənistan ordusunun döyüş meydanında ağır məğlubiyyətə uğradığına, ölkənin hərbi-siyasi rəhbərliyinin kapitulasiya xarakterli sənədi imzaladığına baxmayaraq, rəsmi İrəvan öz məkrli, cinayət xarakterli əməllərindən əl çəkməyib və ölkəmizin ərazisində davamlı şəkildə təxribatlar törətmək məqsədi güdüb:

"Məhkəmə prosesi bizə yaxşı bəlli olan, amma Ermənistan rəhbərliyinin, bu ölkənin təbliğat-təşviqat maşınının bütün mümkün vasitələrlə inkar etməyə çalışdığı bir mənzərəni də gün işığına çıxardı. Bir daha məlum oldu ki, ermənilər hərbi xidmətə getmək, döyüşmək istəməyiblər və 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndəriliblər. Əslində hələ 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra 60 min nəfər erməninin ölkə sərhədlərini tərk etməsi də erməni əsgərinin gerçək obrazının “məğlubedilməzlik” pərdəsi arxasında gizlədilən sabun köpüyündən ibarət olduğunu nümayiş etdirirdi".

E.Mirzəbəyli bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçilərinin kütləvi fərariliyi mediada, sosial şəbəkələrdə yer alan təkzibolunmaz faktlarla yanaşı, Ermənistan parlamentinin qəbul etdiyi amnistiya aktı ilə bir daha öz təsdiqini tapdı. Eyni zamanda məlum oldu ki, ittiham olunan şəxslərin əksəriyyəti işsiz, habelə işləmək üçün dəfələrlə xarici ölkələrə səfər edən şəxslərdir və onların ölkədə olmasının yeganə səbəbi isə pandemiya ucbatından sərhədlərin qapalı olması olub:

"Qeyd edim ki, hələ ötən ilin iyul-avqust aylarında Ermənistanın rəsmi qurumları və ekspertləri hər il Rusiyaya və digər ölkələrə mövsümi işlərə gedən təxminən 200-250 min erməninin pandemiya səbəbindən ölkə sərhədlərini tərk edə bilmədiyini, bu səbəbdən Ermənistana xaricdən daxil olan vəsaitlərin 3 milyard ABŞ dolları civarında azaldığını bildirirdilər. Məhkəmədə təqsirləndirilən şəxslərin ifadələrindən aydın oldu ki, ermənilər tərəfindən döyüşənlərin böyük əksəriyyəti hədə qorxu, həbs cəzası təhdidi ilə orduya cəlb edilənlərdir".

Eksper qeyd edib ki, Ermənistan rəhbərliyi bu şəxsləri faktiki olaraq girov kimi saxlayıb və onlar bəlkə də əsl azadlıqlarını Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldıqdan sonra qazanıblar və humanizmin, insanlığın nə olduğunu görüblər:

"Ümid edək ki, bu gün məhkum olunan şəxslərə qarşı Azərbaycan tərəfindən göstərilən humanizm Ermənistanı uzun illər apardığı məkrli siyasətdən əl çəkməyə sövq edəcək, regionda sabitliyin bərqərar olmasına töhfə olacaqdır".