Qənirə Paşayeva şəhid Rüfət Əsgərovun anası ilə görüşüb

Qənirə Paşayeva şəhid Rüfət Əsgərovun anası ilə görüşüb backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Rüfət Qabil oğlu Əsgərovun anası Aynurə Cəmaləddin qızı İbrahimova ilə Milli Məclisdə görüşüb.

Şəhid anasını ehtiramla salamlayan Komitə sədri, Vətən Müharibəsinin qəhrəman şəhidi Rüfət Əsgərovun özünəməxsus həyat və döyüş yolunun yeniyetmə və gənc nəsil üçün örnək təşkil etdiyini vurğulayıb. Prezidentin Sərəncamı ilə dörd medalla təltif olunmasını, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış bir gəncin Vətən Müharibəsində necə fədakarlıq və peşəkarlıqla iştirak etdiyinin sübutu olduğunu bildirib: “Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Rüfət Əsgərov, Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Rüfət kimi gənclərimizlə hər zaman qürur duyacağıq.

Vətən Müharibəsindəki tarixi zəfərin sevinc, fərəh və qürurunu ən çox siz şəhid ainaları haqq edirsiz. Şəhidimizin ruhuna əbədi ehtiram”!

Q.Paşayeva şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsini təqdim edib.