“30 iyunu “Sədaqət Günü” kimi qeyd etsək, daha yaxşı olar” - Rəşad Məciddən təklif

“30 iyunu “Sədaqət Günü” kimi qeyd etsək, daha yaxşı olar” - Rəşad Məciddən  təklif backend

Xəbər verdiyimiz kimi, bu gün - 30 iyun Qanlı 20 Yanvar şəhidləri İlham və Fərizənin toy gündür. Məhz son bir neçə ildə 30 iyun İlham və Fərizənin xatirəsinə hörmət əlaməti olaraq qeyri-rəsmi şəkildə “Sevgililər Günü” kimi qeyd olunur,  onların məzarları ziyarət edilir. Lakin illər öncə bir qrup ziyalımız bu günün rəsmiləşdirilməsiylə bağlı yuxarı təşkilatlara müraciət ünvanlasa da, məsələ hələ də həll edilməmiş qalır. 

Moderator.az-a açıqlamasında şair Rəşad Məcid 30 iyunun “Sədaqət Günü” kimi qeyd olunmasının daha məqsədəuyğun olduğunu bildirdi:

“Bu barədə vaxtilə Əvəz Zeynallı məsələni işıqlandıranda öz fikrimi bildirmişəm. Əvvəla çox vacib, lazımlı bir iş görüblər. Amma burda belə hesablanırdı ki, 14 fevral ləğv edilsin və ancaq 30 iyun qeyd olunsun. 14 fevral tək Azərbaycanda deyil, bütün dünyada qəbul olunmuş və geniş yayılmış bir sevgililər günüdür. Ona görə də mən o vaxtlar təklif etmişdim ki, əslində İlham və Fərizənin bu münasibəti etibar, sədaqət kimi keyfiyyətləri qabardır. Ona görə də bu günü bəlkə “Sədaqət Günü” kimi qeyd etsək, daha yaxşı olar. Ancaq çalışsaq ki, 14 fevralı ləğv edək, bu, bir az çətin və qəliz məsələdir. Onlara təşəkkür edirəm ki, Əvəz Zeynalı və digər yoldaşlar bunu uzun illər gündəmdə saxlayıblar. Mən də hesab edirəm ki, bunu “Sədaqət Günü” və ya “Etibar Günü” adlandırsaq, daha real olar. Amma 30 iyun artıq elə bilirəm ki, ictimai şüurda da var, bu günü insanlar qəbul edir. Bu günün əbədiləşdirilməsinin tərəfdarıyam. Əslində bu real bir hadisədir, amma əfsanə kimidir. Yəni həyatda çox nadir hallarda baş verən bir hadisədir. Ona görə biz bunu bədii ədəbiyyatımızda da, şeirdə də yadda saxlamalıyıq. Hətta dərsliklərə də bu salınmalıdır. Sədaqət və etibar bu sevginin əsas təməllərindən biridir və ona görə o cür yaşamalıdır”.

 

Diaspora