Gəncədə erməni terroru nəticəsində evləri dağılan 12 ailəyə pul ödənilib

Gəncədə erməni terroru nəticəsində evləri dağılan 12 ailəyə pul ödənilib backend

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin "Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası müvafiq işlər aparıb.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Gəncədə raket zərbələri nəticəsində zərərçəkən ailələrin bir qismi Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin ediliblər. Digər 12 ailəyə isə istəklərinə uyğun olaraq razılaşdırılmış qaydada mənzillərinin dəyəri məbləğində pul vəsaiti köçülürüb. Bununla əlaqədar olaraq kompensasiya alan ailələr Prezident İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərinə öz təşəkkürlərini bildiriblər.

Sakin Yusif Zeynalov 11 oktyabr 2020-ci ildə evinin erməni terroru nəticəsində dağıldığını dilə gətirib: "Bu zaman ərzində dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduq. Bu gün isə evimin dəyəri məbləğində kompensasiya vəsaiti köçürüldü. Buna görə dövlətimizə, ən əsası da Prezident İlham Əliyevə, Vitse prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlığımı bildirirəm".

Digər sakin Bəsti Xəlilova isə Gəncəyə ilk raket atılan günü zərər çəkən ailələrdəndir: "Ermənilər tərəfindən atılan raket nəticəsində ailə üzvlərim xəsarət aldı, evimiz isə tamamilə yararsız vəziyyətə düşdü. Lakin hər an dövlətimizin diqqətini öz üzərimizdə hiss etdik. Çox şükür tarixi torpaqlarımıza qovuşduq. Qələbə sevincini yaşadıq. Bu gün isə bizim sevincimiz ikiqat oldu. Belə ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin qayğısı nəticəsində bizə mənzillə təmin olunmaq üçün kompensasiya ödənildi".

Pərvin Cavadov: "Oktyabrın 11-də Ermənistan Respublikasının silahlı qüvvələrinin atdığı raket mənim evimi də dağıtmışdır. Kommissiya tərəfindən bizə mənzil təklif olundu. Lakin biz mənzilin dəyəri məbləğində pul vəsaiti xahiş etdik. Çox sağ olsunlar xahişimizi nəzərə alaraq kompensasiyamızı ödədilər."

Elnur Heydərov: "Mənə və mənim kimi zərərçəkən ailələrdən öz diqqətini əsirgəmədiyi üçün dövlət başçımıza dərin təşəkürümü bildirirəm. Bu gün digər ailələr kimi mənə də, kompensasiya köçürülüb. Bu müddət ərzində yaşayış yeri ilə də təmin ediblər. Çox sağ olsunlar, əşyalara dəyən ziyan da ödənilib".