Qazilər Prezidentin fərmanını alqışlayır: Ümid edirik ki...

Qazilər Prezidentin fərmanını alqışlayır:  Ümid edirik ki... backend

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi yaradılıb.

Bu fərmanla bağlı “Qarabağ qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev Qaziler.az saytına bunları bildirib: 

"“Qarabağ qaziləri” birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş yüzlərlə Qarabağ qazisini öz ətrafında birləşdirən bir təşkilatdır. Təşkilat bu təbəqədən olan insanların hüquq və mənafelərini qorumaq, onların problemlərini müvafiq qurumlar qarşısında qaldırmaqla məşğuldur. Uzun illərdir ki, birliyin qaldırdığı məsələlərdən biri bu insanların problemlərinin həlli ilə bağlı vahid dövlət qurumunun, strukturun yaradılması idi. Bildiyiniz kimi, müharibə əlilləri, şəhid ailələri və veteranların müxtəlif problemləri olurdu və bu problemlərin həlli üçün onlar bir deyil, bir neçə nazirliyin, dövlət qurumlarının qapısını döyməyə məcbur olurdular. Bu da onları sözün əsl mənasında qapılarda qoyurdu. Buna görə “Qarabağ qaziləri” ictimai birliyi və onunla həmfikir olan təşkilatlar bu məsələni dövlət qurumları qarşısında qaldırmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edən “Qarabağ qaziləri” birliyi sözügedən problemlə bağlı elə bu nazirliyin qarşısında da dəfələrlə məsələ qaldırmışdı. Çox şükür ki, nazirliyin təşəbbüsü ilə problem ölkə rəhbərinə çatdırıldı. Həmişə olduğu kimi bu dəfə də Prezident müharibə əlillərinin problemlərinin həlli ilə bağlı verilən təklifləri dəyərləndirərək bununla bağlı fərman imzaladı. “Qarabağ qaziləri” ictimai birliyi ümid edir ki, fərmanın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi lazım gələn bütün addımları atacaq və şəhid ailələri, Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslər onlara şamil edilmiş güzəşt və imtiyazlardan daha yaxşı faydalanacaqlar. Bu Mərkəzin yaradılması onların problemlərinin həlli üçün böyük bir təkan olacaqdır. Bütün bunlara görə həmişə Qarabağ qazilərinə, şəhid ailələrinə, müharibə veteranlarına dəstək olmuş ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarına təşəkkürümüzü bildiririk".