Bir neçə gün öncə , daha doğrusu 26 iyun Silahlı Qüvvələr günündə xəbər saytları bir xəbəri dayanmadan yayımladılar.
Xəbərdə Baş nazir Əli Əsədovun Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə etdiyi bildirilirdi.
Məlumat yeni yaradılmış manşet.az-a istinadən yayılırdı və bildirilirdi ki, Ə.Əsədov T.Mənsimova son model “Lexsus” markalı bahalı maşın bağışlayıb.
Məsələyə Baş nazirin mətbuat xidməti münasibət bildirməsə də, hərbi ekspert Ədalət Verdiyev dərhal reaksiya göstərərk qeyd etdi ki, bu qəsdən ortaya atılmış iftira dolu bir xəbərdir. “İnsan xəstə olmalıdır ki, Baş nazirin polkovnikə 200 minlik avtomobil hədiyyə etməsinə inansın, bu azmış kimi bu xəbəri dərc etsin və paylaşsın. Bu məntiqlə döyüşən generallara qırıcı təyyarə hədiyyə edilməli idi”.
Veteninfo.az-a danışan Tehran Mənsimov bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdur və ona avtomobil bağışlanmayıb. “Bu məlumatı hardan alıblar bilmirəm. Amma onu bilirəm ki, belə bir yalanla, haqqımda olmayan bir informasiya yaymaqla məni çox ciddi rahatsız etmiş oldular”,- deyə o qeyd edib.
“Belə xəbərlərlə adımızın hallanması doğru deyil. Ən azından zəng edib məlumatın doğru olub-olmadığını öyrənə bilərdilər. Biz Vətən yoldunda bir əsgər olaraq, bir döyüşcü olaraq borcumuzu yerinə yetirmişik. Bu hər bir Azərbaycan oğlunun, Azərbaycan əsgərinin müqəddəs borcudur”,- deyə qəhrəman hərbiçimiz bildirib.
Polkovnik T.Mənsimov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsindən azad olunaraq Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə təyinat alıb.
Bu saxta məlumatın yayılması ilə polkovnikin haqqında xoş olmayan rəylər səslənəcək, bu da görünür, kimlərinsə işinə yarayacaqdı. Əks halda buna başqa anlam vermək olmur.
Qeyd edək ki, Tehran Mənsimov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, 2005-ci ildə "İgidliyə görə", 2017-ci ildə "Vətən uğrunda", 2020-ci ildə Şuşanın azad olunmasına görə", 2021-ci ildə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə ona Ölkə Başçısının sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni verilib.