Yeni işə qəbul edilən vergi xidməti əməkdaşları ilə görüş olub

Yeni işə qəbul edilən vergi xidməti əməkdaşları ilə görüş olub backend

Vergilər Nazirliyində dövlət vergi orqanlarına işə qəbulla bağlı son müsabiqədə uğur qazanaraq işə qəbul edilən yeni əməkdaşlarla görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vergilər nazirinin müavini, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqə komissiyasının sədri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov yeni işə qəbul olunan stajçı vergi xidməti əməkdaşlarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir müavini deyib ki, gənc kadrların potensialından düzgün istifadə və onların peşəkarlıq səviyyəsinin daim artırılması Vergilər Nazirliyi üçün prioritet məsələlərdəndir. O, gənc kadrların öz üzərində daim işləməsinin və fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmalarının vacibliyini xüsusi vurğulayıb.

Yeni işə qəbul olunan stajçı vergi xidməti əməkdaşları adından çıxış edən nazirliyin aparatının protokol bölməsinin dövlət vergi müfəttişi Fərid Salmanov istər işə qəbul zamanı, istərsə də iş prosesində yaradılan şəffaf şəraitə, ədalətli və bərabər imkanlara görə təşəkkürünü bildirib.

2005-ci ildən indiyədək dövlət vergi orqanlarına işə qəbulla bağlı 10 müsabiqə keçirilib. Bu müsabiqələrdə iştirak üçün ümumilikdə 13 min 500 nəfər müraciət edib, onlardan 1834 nəfər test imtahanı mərhələsində uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb. Müsahibələrdə namizədlərdən 1294-ü vakant vəzifələrə uyğun hesab olunaraq ehtiyat kadrlar siyahısına daxil edilib.

Bu günə kimi ehtiyat kadrlar siyahısında olan namizədlərdən 1119 nəfəri dövlət vergi orqanlarında işlə təmin olunub.
Diaspora