Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin 25 iyunda keçirilən iclasında çıxış edərək, öncə, ordumuzu, zəfər qazanmış xalqın hər bir nümayəndəsini 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib. Bu il Zəfər bayramından sonra ilk dəfə Ordu Gününü qeyd etdiyimizi, bunun xalqımız üçün müstəsna əhəmiyyətə sahib olduğunu bildirən komitə sədri Vətən Müharibəsi zamanı canını fəda edən şəhidlərimizi rəhmətlə anıb, qazilərimizə sayğılarını bildirib.
Qardaş Türkiyənin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın ölkəmizdə, Şuşa şəhərində səfərdə olaraq Şuşa bəyannaməsinin imzalanması haqqında danışan Q.Paşayeva Azərbaycan-Türkiyə qardaşlığının, münasibətlərinin analoqunun olmamasından da söz açıb.
Türkiyədən ölkəmizə səfərlərlə bağlı çoxsaylı müraciətlərin olduğunu deyən millət vəkili minlərlə insanın xahişini səsləndirərək hava yolları vasitəsi ilə bilet qiymətlərinin mümkün dərəcədə endirilməsinin vacibliyini vurğulayıb.Onun sözlərinə görə, hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır.
Azərbaycandan qardaş Türkiyəyə gedənlər arasında turistlərlə yanaşı tələbələrimizin, xəstələrimizin də olduğunu deyən komitə sədri Q.Paşayeva bizim insanlarımızın da bu qiymətlərin endirilməsi ilə bağlı müraciətini səsləndirib, AZAL-a və müvafiq qurumlara çağırış edib.
Arzu edənlər buradan izləyə bilərlər: