Qarabağ qazisinə dəstək olan iş adamının həbsinin detalları - Qanuna riayət, yoxsa qərəz?

Qarabağ qazisinə dəstək olan iş adamının həbsinin detalları -  Qanuna riayət, yoxsa qərəz? backend

Bəlli olduğu kimi, koronavirus pandemiyası səbəbindən uzun müddətdir toyların, məclislərin keçirilməsi qadağan edilmişdi. Amma sosial şəbəkələrdə qeyri-rəsmi şəkildə yığıncaqların keçirildiyi haqda çoxsaylı görüntülər yayılmaqda idi. Görəsən, bu məclislər nəyin qarşılığında baş tuturdu? Ehtimal ki, məclisi keçirənlərdən və şadlıq evləri, resoran sahiblərindən alınan “şirinlik” qarşılığında.

Bildiyiniz kimi, artıq qadağalar qismən ləğv olunub. Amma çox təəssüf ki, sərt qadağa rejimində bir sıra haqsız həbslər və cərimələr də həyata keçirilib. Məsələn, niyyəti sadəcə Şəmkirin Dəllər qəsəbəsindən olan qaziyə dəstək vermək olan xeyriyyəçi Tural Zeynalova qarşı neqativ hal baş verib. Belə ki, müharibədən sonra sevdiyi qızı öz razılığı ilə qaçıran qazimiz Tural Zeynalovdan ailələrin barışıği üçün xahiş edib. O da qazimizin istəyini yerinə yetirib və özünə məxsus “Qala” restoranında iyunun 22-də axşam saatlarında 20-30 nəfərlik kiçik bir banket hazırlayıb. Polislər məclisi basıb və Turalın atasını vurublar. Yaşlı kişinin başı yerə dəyib, beyni silkələnib, hazırda xəstəxanadadır.

Turalı isə Şəmkirdəki polis bölməsinə aparıblar. Gecəyarı bölməyə təcili yardım çağırılıb. Məlumata görə, Tural Zeynalovun burnunu sındırıblar.

Görəsən, hüquq-mühafizə orqanlarının bu qədər nifrətinin, qəzəbinin arxasında nə dayanır? Ehtimal ki, vətənpərvər iş adamının Qarabağ müharibəsi qazisinə qarşı xeyirxah davranışı, vətənpərvərliyi. Eləcə də, bundan sonra əllərindən çıxan qadağalardan əldə olunan gəlir, yaxud qadağalara göz yumulmasından qazanılan pullar. Toylara tətbiq olunan qadağalar artıq götürüldü və qadağalara “göz yumulmasına” görə qazanılan gəlir mənbəyi də əldən çıxdı. Bunlar bir kənara dursun, iş adamına cinayətkar kimi davranılmasına, fiziki xəsarət yetirilməsinə, Tural Zeynalovun burnunun sındırılmasına nə ad vermək olar? Bu sualı hüquq-mühafizə orqanları rəhbərliyinin cavablandırmasını gözləyirik.

44 günlük müharibədə daim halal zəhməti ilə sona qədər əsgərlərimizə yardım edən vətəndaşa, halal qazancı ilə dövlətin, müharibə qazisinin yanında olan iş adamına qarşı bu vəhşiliyi edənlər xalqa, dövlətə cavab verməlidir! Çünki bu dövlət yalnız bəlli orqanların, bu orqanlara bağlı vəzifəlilərin yox, xalqın, ona malı və canı ilə xidmət edənlərindir… (hurriyyet.az)