İyunun 24-də mərhum prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür.
Elçibəy 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.
İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.
Elçibəylə bağlı tarixi günlərin hər birində bir sıra ənənəvi müzakirələr hər zaman gedir. Onlardan biri budur ki, vaxtilə Bakı Dövlət Universitetində dərs deyən bir ali məktəb müəllimi bir anda xalq hərəkatının liderinə necə çevrildi? O zaman meydanda, tribunada olduqca populyar və sevilən simalar var idi. Amma onların heç biri liderlik mərtəbəsinə qalxa bilmədi.
Elçibəyi sevdirən, lider edən keyfiyyətləri nə idi?
Azərbaycan milli azadlıq hərəkatının öncül isimlərindən olan, xalq şairi, VHP sədri, deputat Sabir Rüstəmxanlı bunları dedi: “Elçibəy xalq hərəkatından öncə də çıxışlar edirdi. Bizim ən müxtəlif yerlərdə yığıncaqlarımız, iclaslarımız olurdu. ”Çənlibel" dərnəyini misal çəkə bilərəm. Bizim yaratdığımız “Varlıq” birliyi var idi. Cəmi 15 nəfər birlikdə təmsil olunurdu. Elçibəy də orada idi. Tez-tez məsləhətləşirdik. Onun universitetdə dərs deyərkən milli mövqedən çıxış etməsi, ölkənin gələcəyi ilə bağlı fikirlərini cəsarətlə çatdırması gənclər arasında ona çox hörmət gətirmişdi. Bunu inkar etmək olmaz. Xalq hərəkatı vaxtı yaradılan komitələrin, birliklərin üzvü idi. Amma meydanda görünmədi. Səhv etmirəmsə, cəmi bir dəfə çıxış etdi. O, gəncliyin etimad göstərdiyi, həbsdə yatan bir şəxs kimi sayğı və hörmət qazanmışdı. Meydan böyük bir hərəkat, qüvvə idi. O qüvvənin təşkilata çevrilmə prosesi bir az ayrı idi. Orada artıq müxtəlif adamlar yığışmışdı. Burada subyektiv amillər də mühüm rol oynayırdı. Liderlik məsələsindən əvvəl Nemətlə məni az qala üz-üzə qoymuşdular. Haqqımızda müxtəlif şayiələr gəzdirirdilər. Bunun kim tərəfindən idarə olunduğu barədə bir söz deyə bilmərəm.
Sabir Rüstəmxanlı: “Milli təfəkkürü onu önə çıxaran amillərdən biri idi”
Amma belə bir proses cərəyan edirdi. Xalq Cəbhəsi yaradılanda birbaşa meydan liderləri yox, ilk konfransda iştirak edən adamların seçdiyi adamların seçkisi olmuşdu. Yusif Səmədoğlu və Əbülfəz Elçibəyin namizədliyi irəli sürülmüşdü. Sonda Elçibəyin üstündə dayanmışdılar. O, Xalq Cəbhəsinin ilk sədri oldu. Bu da onu milli azadlıq hərəkatının liderinə çevirdi. Belə bir fikir yaranmışdı ki, bu işi, prosesi elə əvvəldən Elçibəy başlayıb və sonradan onun məhz lideri kimi fəaliyyət göstərir. Elçibəyin orada olan xidmətini heç cür danmaq olmaz. Amma etiraf edək ki, bu hərəkatın təməlində, proseslərin mərkəzində bir adam dayanmırdı. Tələbələrin, alimlərin kütləvi bir hərəkatı idi. Bu, Qarabağda ermənilərin başlatdığı proseslərə qarşı başladılmışdı. Öz torpağını qoruma hərəkatı idi. Sadəcə, sonradan təşkilatlanma oldu və seçki yolu ilə Elçibəy sədr seçildi. Onu da deyim ki, həmin proseslərin əsas xarakteri milli hərəkat olması idi. Elçibəydə də milli təəssübkeşlik, milli mənafelərlə bağlı mövqe qəti idi. Milli təfəkkürü onu önə çıxaran amillərdən biri idi. Onun haqqında fikirlərimi “Elçibəyin xəstəliyi” haqqında yazımda yazmışam".
Novella Cəfəroğlu: “70-80-ci illərdə bizlərə bayrağımızdan danışan o idi”
Elçibəyin ən yaxın silahdaşlarından biri, hüquq müdafiəçisi Novella Cəfəroğlu onun xalq üçün əvəzsiz bir lider olduğunu söylədi: “O, millətini sevirdi, onun azadlığını istəyirdi. Elçibəyi ən çox sevdirən də bu amillər idi. O, dediyi vaxtlar bizlər ”millət" sözünü deyə bilmirdik. Elçibəy o qədər Atatürkdən, Məhəmməd Əmin Rəsulzadədən, Cümhuriyyət tariximizdən bilirdi ki, onların hamısını geniş auditoriyaya çatdırmaq istəyirdi, bir növ xalqının gözünü açırdı. Türkiyə kimi böyük bir türk dövləti qurmaq istəyirdi. O, hər zaman tələbələrinə, olduğu yerdəki insanlara deyirdi ki, bu imperiya dağılmalıdır. Onun üçün də o vaxt Elçibəyi həbs etmişdilər. İmperiyanın dağılmasını çox öncədən görürdü. Çox adam hərdən deyir ki, o, siyasətçi olmayıb. Amma deyim ki, onun kimi siyasətçi, strateq, yüz il qabağı görən bir insan görməmişəm. Uzun illərdir ki, onun dediklərinin bir-bir yerinə yetirildiyini görürük. Cümhuriyyət tarixini, müstəqilliyin nə olduğunu ortaya çıxaran, xalq arasında yayan Əbülfəz Elçibəy oldu. 70-80-cı illərdə bizlərə bayrağımızdan da danışan o idi. Məsələn, Atatürk, Rəsulzadədən atam danışırdı, bir qədər məlumatlı idim. Amma tam olaraq, geniş məlumata sahib deyildim. Atam və digərləri qorxa-qorxa gizlində danışırdılar. Amma Elçibəy bunu açıqda dilə gətirirdi. Bu, cəsarət tələb edir. Onunla danışandan sonra hər kəs ona böyük rəğbət bəsləyirdi. İndi o olmasa da, kitablarını oxuyanlar, çıxışlarını izləyənlər Elçibəyi sevirlər, məzarı üstünə gedirlər. O, doğrudan da böyük siyasətçi, strateji cəhətdən ölkəmizin gələcəyini görən bir şəxs idi. Türkiyəsiz Azərbaycanın olmadığını Bəy zamanında deyirdi.
44 günlük savaşda cənab Prezident İlham Əliyev hər şeyi etdi, böyük cəsarət nümayiş etdirdi, ölkəsini müharibəyə qədər güclü, qüdrətli etmişdi. Amma Türkiyə faktorunun da qələbəmizdə az rol oynamadığını etiraf etməliyik. Bir faktı da deməliyik ki, 1993-cü ildə Türkiyə bizə yaxın durmadı. Çünki gücsüz idik. Heç vaxt yadımdan çıxmaz ki, Kəlbəcərin işğalı vaxtı insanların oradan çıxması üçün Türkiyədən vertolyot istənildi, amma vermədilər. Doğrudur, Türkiyənin millətçiləri I Qarabağ savaşı zamanı bizə dəstək durdular, gəlib hətta döyüşdülər. Güclü olmağımız dövlətlərin yanımızda durma səbəblərindən biridir. İlham Əliyev hakimiyyətdə olduğu dönəmdə Azərbaycanımızı çox güclü etdi. Ordumuzun gücü bunun bariz sübutudur. Türkiyə səbəbsiz yanımızda durmadı. Türkiyə bizim canımız, ciyərimizdir. Amma unutmayaq ki, güclü dövlətin yanında dururlar. Rusiya da sonunda dövlət gücümüzlə hesablaşdı...
Elçibəy hakimiyyətdə az müddət qaldı və o zaman dövlət olaraq güclü deyildik. Bir yerdə Türkiyə ilə ordumuzun, iqtisadiyyatımızın, mədəniyyətimizin olacağından danışırdı. Bunlar artıq reallaşmaqdadır. İnşallah, Elçibəyin dediyi Böyük Turan da olacaq. Bəyin bir maraqlı fikri də var idi. Deyirdi ki, Turan deyəndə təkcə türk dövlətlərinin orada təmsil olunması mütləq deyil, ora Gürcüstan və Ermənistanı da qata bilərik. Bir sözlə, Qafqazı Turana qatma yollarından danışırdı. Proseslər indi ona doğru gedir. “Altılıq formatı”nın yaradılması istiqamətində gedən proseslər bunu göstərir. Elçibəy doğrudan da unikal bir insan idi. Unikal gəldi, unikal da getdi".
“Yeni Müsavat”