Bakıdakı şadlıq evlərinə axın oldu – Restoranlar qiymətləri QALDIRIR

Bakıdakı şadlıq evlərinə axın oldu –  Restoranlar qiymətləri QALDIRIR backend

Bir ildən çox idi ki, pandemiya səbəbindən toylara icazə verilmirdi. Hər kəs toyların keçiriləcəyi günü səbirsizliklə gözləyərkən, nəhayət Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verdi: 2021-ci il iyulun 1-dən müəyyəm şərtlər nəzərə alınmaqla şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) keçirilə bilər.

Bu qərar bir ildir ki, bağlı qalan şadlıq saraylarında toy-bayrama çevrilib desək, yəqin yanılmarıq. Bəs şadlıq evləri toyların keçirilməsinə hazırdımı, qiymətlərdə dəyişiklik olacaqmı?

Qazilər.az xəbər verir ki, Modern.az-ın əməkdaşı bəzi şadlıq sarayları ilə əlaqə saxlayıb.

“Gilavar” şadlıq sarayından qiymətlərlə bağlı hələ ki bir məlumat olmadığı qeyd edilib:

“Qiymətlərin qalxması və ya eyni qalması müştərilərin sayından asılı olacaq. Son günlər toylarla bağlı müraciət edənlərin sayı çox idi. Bu gündən yeni müraciətlər daxil olmağa başlayıb”.

“Şahənşah”dan bildiriblər ki, 150 nəfərdən artıq qonağın toylarda iştirak edə bilməməsi səbəbindən qiymətlərdə artım olacaq:

“Əgər qiymətlərdə endirim olsa, menyudakı yeməklərin sayını azaltmalı olacağıq. Menyunu azalda bilmədiyimiz üçün də qiymətlərdə artım baş verəcək. Qərardan öncə toy etmək istəyənlərdən müraciətlər daxil olurdu. Hətta bir ildən çoxdur gözləyən cütlüklər var. Köhnə sifarişlərin toyları olmaqdan digər müraciətləri qəbul etmirik. İşçilərimizin isə hər biri vaksinasiya prosesindən keçib. Bəzi məsələlər aydınlaşdırıldıqdan sonra toyların keçirilməsinə tam hazır olacağıq”.

“Hollivud” şadlıq sarayından verilən məlumata görə, bu gün qərar qəbul edildikdən sonra zənglərin ardı-arası kəsilmir:

“Hər kəs çox həyəcanlı, sevinclidir. Qiymətlərdə artım olacağını düşünmürük. Rəhbərlik qərar verdikdən sonra müştəriləri məlumatlandıracağıq”.

“Golden Ring”in məlumatına görə, toy sifarişlərinin sayı həddən artıq çoxdur, bu gün verilən qərardan sonra isə kütləvi şəkildə zənglər gəlməyə başlayıb:

“Bizim şadlıq sarayında qiymətlər olduğu kimi qalacaq. Son zamanlar hər bir sahədə artım müşahidə edirik. Lakin qiymətləri qaldırmağı düşünmürük. Bu durumda insanları incitmək xoş olmaz”.

“Romance Palace”dan bildiriblər ki, hazırda rəhbərlik tərəfindən müzakirələr aparılır:

“Bütün məsələlər aydınlaşdırıldıqdan sonra qiymət məsələsinə baxılacaq. Artıq bir ildən çoxdur ki, şadlıq sarayları fəaliyyət göstərmir. Bazar qiymətlərindən tam olaraq məlumatımız yoxdur. Bu səbəbdən heç bir söz deyə bilmirik”.

“Xəzinə palace” şadlıq evinin rəhbərliyi keçənilki qiymətlərlə builki qiymətlərin bir-birinə uyğun olmadığını söyləyib:

“Bu səbəbdən müəyyən məsələlər müzakirə olunmalıdır ki, restoran və müştəri arasında problem yaranmasın. İyul ayının 1-i də toy keçirmək istəyənlər var. Hər kəs çox sevinclidir. 150 nəfərlik icazə çox insanlarda narazılığa səbəb olsa da, bu vəziyyətlə barışırlar. Qiymətlərdə isə artımın olması gözləniləndir”.

“Lido” şadlıq sarayı isə hələ ki bir qərar verməyib:

“Müəyyən problemlərə görə hələ ki bir qərar verilməyib. Müraciətlər var, lakin müştərilər bizdən cavab gözləyirlər ki, hər bir məsələni dəqiqləşdirək. Qiymətlərdə artım olacağını düşünmürük. Tələbat çox olduğu üçün qimətlər eyni qalacaq”.

“Simfoniya” şadlıq sarayı da açıqlama verib:

“Keçən ildən qalan toylar var. Öncə onlara yer ayırmağı düşünürük. Qiymət məsələsində isə artım olmayacaq. Müştərilərlə hər iki tərəf olaraq uyğun razılığa gələcəyik. Hazırkı vəziyyəti nəzərə alaraq, müştəriləri razı salmağa çalışırıq”.