Xanlar Vəliyev qazilərlə görüşdü - FOTO

Xanlar Vəliyev qazilərlə görüşdü -  FOTO backend

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş keçirilib.

Hərbi Prokurorluqdan daxil olan məlumata görə, əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

Tədbiri açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, son illər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Təsadüfi deyildir ki, ötən illərdə olduğu kimi “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb.

Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən Xanlar Vəliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan Vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev həmçinin qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olub, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb.

Sonra hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə öz dərin təşəkkürünü bildirərək qeyd edib ki, cənab Prezidentin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçılarının müxtəlif orden və medallarla təltif olunması onların xidmətinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inspektorlar qrupunun inspektoru, ehtiyatda olan polkovnik Abdulla Qurbani Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə Hərbi Prokurorluğun özünəməxsus rolundan, Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edib.

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim edilib.

Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Ardınca çay süfrəsində səmimi söhbətlər aparılıb və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.