Əfsanəvi komandirin məzarı ziyarət edildi - ANIM-FOTOLAR

Əfsanəvi komandirin məzarı ziyarət edildi -  ANIM-FOTOLAR backend

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin dəfn olunduğu gündür.

Qazilər.az xəbər verir ki, mərhum alay komandirinin məzarı bu gün ziyarət edilib. Ziyarətdə “Qarabağ qaziləri” İcitmai Birliyinin rəhbərliyi və üzvləri, Şirin Mirzəyevin silahdaşları və ailə üzvləri iştirak ediblər.

Ziyarət iştirakçılarından “Qarabağ qaziləri” birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu, Şirin Mirzəyevin ən yaxın silahdaşı Fəxrəddin Rəcəbov, Əkbər Məmmədov və digərləri çıxış edərək onun şərəfli döyüş yolundan danışmış, Azərbaycan Ordusunun yaradılmasında göstərdiyi xidmətləri xüsusi vurğulanmışdır. Eyni zamanda tədbirdə Şirin Mirzəyevin xanımı Flora Qasımova da çıxış edib. O, Azərbaycan Ordusunun 44 günlük zəfər döyüşündə rəşadətli qələbəsini qeyd edərək, Ali Baş komandan İlham Əliyevin, Azərbaycan Ordusunun, Azərbaycan xalqının bu qələbəsini yüksək qiymətləndirib və Azərbaycan dövlətinin  daim güclü olmasını arzulayıb.

Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.

Ş.Mirzəyev 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Polkovnik leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.

Hər il yanvarın 5-də və iyunun 20-də Ş.Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət edirlər.

Xatırladaq ki, 18 iyun 1992-ci ildə Şirin Mirzəyevlə yanaşı 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun (Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. red), 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzeyevin (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olubdur.

Ölümündən sonra Şirin Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.