Fulya Öztürkü ağlatdınız! Dincəldinizmi?

Fulya Öztürkü ağlatdınız!  Dincəldinizmi? backend

Fulya Öztürk haqda sənədli film çəkilməsi nə deməkdir?

O deməkdir ki, biz – yəni azərbaycanlılar bir xalq olaraq müharibə vaxtı yanımızda olan insanların qədrini bilməyi bacarırıq, onları uca tuturuq, onların əməyini qiymətləndiririk.

O deməkdir ki, biz – yəni azərbaycanlılar müharibə ərazisindən çox-çox kənarda olan Gəncə, Bərdə, Tərtər... şəhərləri raket atəşinə tutularkən, onlarla uşaq, qadın, yaşlı dinc sakin ölərkən bunları görməzdən gəlib, Şuşadakı kilsənin damından iki kərpicin düşməsinin davasını aparan əcnəbi jurnalistlərin ədalətsizliklərinə tüpürürük.

O deməkdir ki, biz – yəni azərbaycanlılar çətin günün dostunu unutmuruq, sevincimizə sevinib, kədərimizə kameralar önündə belə göz yaşı tökməkdən çəkinməyən, yalnız peşə fəaliyyətinə görə deyil, canı-qanı ilə yanımızda olan şəxsi – illah ki, o xanımdırsa, qızdırsa – baş tacı yapırıq.

O deməkdir ki, biz – yəni azərbaycanlılar kişi kimi kişiyik, adam kimi adamıq, yaxşılığa da, yamanlığa da dəyər verməyi bacaranıq.

Bu, həm də dünya mediasına bir mesajımızdır: haqqın, həqiqətin yanında olsaydınız, ədaləti yaysaydınız, kilsənin iki kərpicinin yerə düşməsini ölkəmizə qarşı sui-istifadə etmək əvəzinə dinc insanların qətlə yetirilməsini dünyaya bağırsaydınız, siz də bizim əzizimiz olardınız.

Fulya Öztürkə sənədli film çəkmək – informasiya savaşımızda bir “beynəlxalq qapı”ya sayğımızdır, dostlarımızın sayını artırmaqdır, bu cür insanları ölkəmizə daha çox bağlamaqdır, onların bütün ömürləri boyu doğrunun yanında olduqlarına görə fəxr etmələrinə çalışmaqdır, hər zaman bizimlə birgə olması üçün təşəbbüsümüzdür...

Fulya Öztürk haqda sosial şəbəkələrdə bəzi statuslar qarşıma çıxanda, doğrusu, “meşə çaqqalsız olmaz” deyib, adlayıb keçdim. Ancaq bunun bir kampaniya halına gəldiyini görəndə narahat oldum!

Fulyanı tanımıram, amma reportajlarını çox izləmişəm və dəqiq bilirəm ki, bu ÖzTürk “baş”, “ağıl” adamı deyil, başdan-başa bir ruh adamıdır, könül adamıdır. Yoxsa o cür səs salacaq reportajlar hazırlaya bilməzdi. Onu o cür danışmağa və o yerlərə getməyə “savaş mühabirliyi” olması deyil, könlü vadar edirdi.

Ona görə dərhal Fulya Öztürkü tanıyan həmkarlarla əlaqə saxladım. Ağdamda imiş və sosial şəbəkədə başlayan bu kampaniyadan xəbərdarmış. “Yəqin ki, təsir edib” soruşmağıma ehtiyac olmadı, “çox pis olub, telefonda hönkürürdü” dedilər.

Bizim üçün, erməni xainlərin dinc əhalini vurmasına görə göz yaşı axıdan bir xanımı öz əməllərinizlə ağladırsınız.

Bunun nə mənaya gəldiyini təsəvvür edirsinizmi?

Dedim axı, o bir ruh adamı, könül adamı olmalıdır. Gedər və bir daha dönməz, etdiklərini də halal etməz. Çünki könül bir şüşədir... Siz də bu şüşəni sındırmağa girişmisiniz və deyəsən, buna nail də olmusunuz.

Rahatsınızmı? Dincəldinizmi? Əməlinizin acı nəticəsindən zövqmü alırsınız?

Sizlər – bu ölkənin informasiya savaşında bir kərpic belə qoymayanlar bizim ÖzTürkümüzün qəlbini qırmaqla dünyaya çıxan bir səsimizi qapamağa çalışırsınız.

Sizlər – bu ölkədə doğru oldu-olmadı, hər zadı tirajlayıb, indiki savaşda ölkənin imicinə heç olmasa, bircə damcı ləkə atmaq üçün çalışanlar Öztürkləri də kənarlaşdırırsınız.

Baxın, sizə deyirəm: keçin güzgünün qabağına, baxın özünüzə - siz Öztürkün gözəlliyindən deyilsiniz.

Yazın səsinizi telefona, sonra o səsinizi dinləyin – adamın evində dəhşətli yanğın olsa, sizdə olan səslə utandığından haraya adam çağırmaz. Siz Öztürkün səsindən də deyilsiniz.

Vicdanınıza baxa bilməyəcəksiniz amma; ürəyinizə də, ruhunuza da. Çox heyf, yoxsa görərdiniz ki, Öztürkdə olanların heç biri sizdə yoxdur.

Ona görə “əlinizi vicdanınızın üstünə qoyun” deməyəcəm. Sadəcə, Öztürkə və Öztürklərə hürməyin deyəcəyəm!

Fulya Öztürk – türk mediasının Qarabağdan ucalan səsidir, türk xanımının səsidir, türk anasının, türk bacısının səsidir! Sizlər bu səsə toz qondura bilməzsiniz!

İnanın, bu torpağın çörəyi-suyu sizi tutar! Gəncədə erməni terrorundan ölən körpələrin ahı vurar sizi!

Elə Fulya Öztürkün də haqqı kəsər sizi!

İşıqlardan əl çəkin, bir ürəyi qırmaq, bir təbliğat qapımızı bağlamaq, bir dostu düşmənə çevirmək sizin həyat amalınız olmamalıdır. Az pislik edin bu xalqa!

Dövlət idarəetməsindən xoşunuz gəlmirsə - mübarizənizi davam edin, əlinizdən gələni beş qaba çəkin! Ancaq kimlərinsə dalında gizlənib, guya “özümüzün” unudulduğumuzu gözə soxub, dövlətçiyimizin, xalqımızın və Azərbaycanın yanında olanları düşmənə çevirməyin!

Kimlərisə manipulyasiya da etməyin – bir gün onlar da həqiqəti anlar, onda halınız heç yaxşı olmaz...

axar.az