"Həmin icra başçısına demək lazımdı ki, sənin adamlarının biri müharibəyə getməyib, ay əclaf"

"Həmin icra başçısına demək lazımdı ki, sənin adamlarının biri müharibəyə getməyib, ay əclaf" backend

“Mübarizin qəhrəmanlığının dəyərləndirilməsi vətənpərvərlik tərbiyəsi oldu…”

 

Xəbər verdiyimiz kimi, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhadətə yüksəldiyi gündür. Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu ilin 18 iyun tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Daha sonra o, düşmənin çox sayda əsgər və zabitini gözlənilmədən məhv edib. Düşmənlə beş saat qeyri-bərabər döyüşdə isə o, qəhrəmancasına şəhid olub. 

 

Moderator.az-ın əməkdaşı bu münasibətlə xalq şairi Vahid Əzizin və şair Adil Cəmilin fikirlərini öyrənib.

 

“2010-cu ildə Mübarizin şəhid olması dondurulmuş konfiliktə cihad idi. Yəni o boyda haqsızlığa, işğala dözə bilməyərək, Mübariz böyük bir mübarizlik edərək mənfurların boynunu qırdı”

 

Vahid Əziz:

 

“Ümumiyyətlə, bu xalqın qəhrəmanlarının hər biri Azərbaycan xalqında vətənə sevgi, məhəbbət oyadıb. Amma Mübariz bunun zirvəsi oldu. Mübarizin qəhrəmanlığı öz yerində, bu bir örənkdir. Amma onun qəhrəmanlığının dövlət tərəfindən dəyərləndirilməsinin böyük əhəmiyyəti var və bu əxlaq və mənəvi-vətənpərvərlik tərbiyəsi oldu. Bununla hər kəs bildi ki, Azərbaycan dövləti bu gün elə bir səviyyədədir ki, kimsə vətən yolunda canından keçərsə, hörməti də olacaq, adı da yaşadılacaq. Yəni vətənpərvərlik tərbiyəsi boş-boş söhbətlərlə deyil. Ümumiyyətlə, tərbiyə şəxsi nümunə üstündə qurulmalıdır. Ona görə də bu gün Azərbaycanda hər hansı bir şəhid dəyərləndirilirsə, bunun böyük əhəmiyyəti var”.

 

Xalq şairi şəhidlərimizin adının yaşadılmasıyla bağlı bəzi məmurlara da səslənib: 

 

“Sosial şəbəkədə bir şəhid şəkili paylaşıblar. Yazıblar ki, Zəngilan rayonundan olan bir şəhidin anası şikayət edib deyir ki, mənim də balamı paylaşın, 18 yaşı var, şəhiddi. Mən də yazdım ki, şəhid anası düz deyir, bu, ilk növbədə Zəngilan rayon İcra hakimiyyətinin günahıdır. Şəhidin adına məktəb verməyə imkan yoxdursa, heç olmasa sinifin adını verin. Bununla ən azından şəhid anası təskinlik tapsın. Bəzi məktəblərdə bilirəm ki, şəhidlərin adına sinif verilib. Bunu etməyən icra başçısına demək lazımdı ki, sənin adamlarının biri gedib müharibədə iştirak etməyib, ay əclaf. Niyə şəhidlərimizə qayğı göstərmirsən?! Dövlət başçısı, Mehriban xanım gedib şəhid anasını qucaqlayır, şəhid övladıyla görüşür. Sən isə vətən yolunda şəhid olan rayonunun sakininə qiymət vermirsən. Sən hörmətini artırmaq üçün şəhid ailəsinə diqqət yetirməlisən. Mübarizin qəhrəmanlığına dövlət tərəfindən olan sağlam münasibət Azərbaycan üçün bir örnəkdir və bu dövlət, xalq, ölkənin indiki rəhbərliyi vətən yolunda canını qurban verən hər bir şəhidə qayğı göstərir”.

 

Adil Cəmil:

 

“Qəhrəmanlıq özü də bütün millət və xalqlar üçün bir ənənə yaradır.  Azərbaycan tarixində bir qəhrəmanlıq ənənəsi mövcuddu və bunu hamı bilir. Babəkdən üzü bəri bizim Xalq Hərakatının fədailəri və sair olub. Mən indi bütün o qəhrəmanların adını saymaq istəmirəm, amma ümumi deyirəm ki, qəhrəmanlıq özü də bir ənənə olaraq zamandan-zamana, nəsildən-nəsilə və əsrdən-əsrə ötürülür. Bizim birinci Qarabağ savaşında da son nəfəsinədək döyüşən qazilərimiz, şəhidlərimiz oldu. Onların da hər birinin özünə görə müəyyən qəhrəmanlıqları var idi. Bu qəhrəmanlıqların bəziləri informasiyasızlıqdan üzə çıxmadı. Çünki birinci Qarabağ savaşında informasiya səviyyəsi indiki kimi deyildi. Amma Vətən müharibəsi zamanı artıq dövrün yeni terxnologiyası kimin harda və necə döyüşməsini əyani olaraq gözümüzün önündə canlandıra bildi. 

 

2010-cu ilə qədər müəyyən danışıqlar gedirdi ki, bəlkə sülh yoluyla torpaqlarımız qayıdar. Amma ermənilər Avropanın Minsk üçlüyü ilə başımızın altına yastıq qoyub deyirdilər ki, guya iş görəcəklər, amma əslində bizi yuxuya verirdilər. Amma 2010-cu ildə Mübarizin şəhid olması dondurulmuş konfiliktə cihad idi. Yəni o boyda haqsızlığa, işğala dözə bilməyərək, Mübariz böyük bir mübarizlik edərək mənfurların boynunu qırdı. Bildiyimə görə 70-ə yaxın erməni əsgər və zabitinin ölümünə fərman verdi. Yəni bu ondan irəli gəlirdi ki, bu xalqın içində bu nifrət, kin-küdurət səngiməyən, daim yanan bir alovdur. Mübarizin bu qəhrəmanlığı bütün türk dünyası üçün bir önəm daşıdı. Hətta o illərdə Türkiyədə olanda əksər türk vətəndaşının maşınında Mübarizin şəklini görürdüm. Yəni türk xalqları olaraq bir-birimizin qalibiyyətinə sevinməli və məğlubiyyətinə təəssüflənməliyik. Bütün türk dünyası artıq Mübarizi tanıdı. Bu döyüşlərin bir ənənəsi var, çünki 2016-cı ildə Şanlı aprel döyüşləri, daha sonra Tovuz döyüşləri və nəhayət ki, Vətən müharibəsi başladı. Həmin əzmkarlıq, alpərənlik ənənəsi özünü bu olaylarda büruzə verdi və Azərbaycan əsgəri bu qalibiyyətə can atdı. Yəni Vətən bu cür oğullarının çiynində vətənləşir. Vətən o zaman vətən olur ki, vətənə öz ailəsi, namusu kimi baxan oğullar olur. Şükürlər olsun Allaha ki, bizim də Mübariz kimi oğullarımız var. Allah onu rəhmət eləsin, ruhu şad olsun. Mübarizin qəhrəmanlığı bizim tariximizin əyani bir parçasıdı. Bu, əfsanə yox, tam həqiqət olan tarixi bir faktdır”. 

Diaspora