"Qarabağ qaziləri" ictimai birliyi əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı Milli Məclisə iki təklif ünvanlayıb.
Qaziler.az bildirir ki, Azərbaycan parlamentinə ünvanlanmış müraciətdə deyilir:
"Qazilərlə bağlı vəziyyət çox gərgindir. əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı qazilərin ciddi narazlığı var.
Səbəb: Nazirlər Kabineti 2015-ci ildə gizli, yəni saxtakarlıq yolu ilə 413 saylı qərar qəbul edib. Deputat Musa Quliyev də mətbuata açıqlamasında bunu etiraf edib. Bütün problemlər buradan başalayıb. Yəni əvvəlki qərarla 2015-ci ilədək əlillik dərəcəsi alan Qazilər 2021-ci ildə təkrar müayinəyə gələrkən 2015-ci ildə qəbul edilmiş 413 saylı qərarla əlilliyə səbəb olan xeyli xəstəliklər siyahıdan çıxarılıb deyə, komissiya yenidən Qaziyə əlillik dərəcəsi verə bilmir. Hazırda MM-də Əmək və Əhalinin Soaila Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən yeni düzəlişlər layihəsi müzakirə edilir. Əgər bu layihə yaxşı olsa, qəbul edilsə belə 2023- cü ildə qüvvəyə minəcək. Ona qədər isə Qazilərə qarşı haqsızlıq davam edəcək!
Ona görə aşağıdakıları təklif edirik:
1) Çıxış yolu kimi NK-nin saxta 413 saylı qərarı ləğv edilib, yenisi (indi müzakirə edilir) qəbul edilənə qədər müayinə vaxtı çatan Qazilərin əlillik müddəti 1 il uzadılsın. Bu 1 ildə məsələlər tam aydınlaşana kimi Qazilər ac qalmasın. Bu təklif hələlik yeganə çıxış yoludur.
2) Son 44 günlük döyüşlərdə təxminən 11 min nəfər yaralanmış Qazilərimiz var. Onlardan təxminən 4500-5000 nəfərəinə əlillik dərəcəsi veriləcək! Qalır hardasa 6 min əlillik dərəcəsi düşməyən yaralı. Onların da tam əksəriyyəti gənclərdir. Və onların da böyük qismi hələ peşəsini, gələcək həyatını müəyyənləşdirməyib. Ona görə də təklif edirik ki, yaralılarımıza dəstək kimi 6 min nəfərin hər birinə 5 illik ayda 5 beş yüz (500) manat pul verilsin! Bu 5 ildə onlar özlərinə bir peşə, iş-güc, güzəran qura bilərlər. Büdcəmiz buna imkan verir. Bu məsələni kimsə o yan, bu yana yozmasın, onların canı qələbəmiz üçün yaralıdır!
P.S. Məbləğ və müddət dəyişə bilər".