Qənirə Paşayeva ziyalılarla müzakirə apardı

Qənirə Paşayeva ziyalılarla müzakirə apardı backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Şuşanın tanınmış ziyalılarından Vaqif Hüseynov, Beynəlxalq Türk Akademiyası Prezidentinin müşaviri Füzuli Məcidli, Bakı Anadolu Türk Liseyinin müəllimi Talıb Kələş, rejissor Faiq Nağıyev, tanınmış sənətşünas alim Rauf Bəhmənli, tanınmış yazıçı-publisist Aslan Kənan (Qasımlı), "Diaspor Fəaliyyətində Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Şabran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədova, şair-publisist Aida Adıgözəl ilə Mədəniyyət Komitəsində görüşüb.

Qazilər.az xəbər verir ki, müxtəlif ixtisas və fəaliyyət təcrübəsinə malik olan ziyalılarla söhbətdə haqlı olaraq Mədəniyyət İli kimi xarakterizə olunan 2021-ci il üçün planlaşdırılan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Ziyalıların yeni - müharibə sonrası dövrdə də mədəni irsin öyrənilməsi və öyrədilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan həqiqətlərinin dünyada sənətin zərif gücü ilə təbliği və s. istiqamətlərdə öz töhfələri ilə çıxış edəcəyinə inam ifadə olunub.

Qarabağda işğal mədəniyyətsizliyindən mədəni quruculuğa keçid dönəminin, özəlliklə Mədəniyyət Paytaxtı Şuşa üçün yeni eranın başlanmasının, ümumən yeni milli və dünya çağırışlarının ziyalıların üzərinə də mənəvi məsuliyyət qoyduğu ortaq fikir olaraq vurğulanıb.

Ziyalılar öz fikir və mülahizələrini bölüşüb, Mədəniyyət Komitəsi ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

O da vurğulanıb ki, ayrı-ayrı mədəniyyət və incəsənət sahələrini, vətəndaş cəmiyyəti institutlarını təmsil edən ziyalılarla görüşlər ictimai fikrin düzgün qidalanması, cəmiyyəti maraqlandıran ən müxtəlif məsələlərin müzakirəyə cəlb edilməsi baxımından olduqca faydalıdır.

Ziyalılardan bir qismi müəllifi olduğu kitabları Komitə sədrinə bağışlayıb.

Q.Paşayeva da öz növbəsində ziyalılara Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Diaspora