Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Quba Regional Elmi Mərkəzi yaradılacaq. Bununla bağlı məsələ AMEA Rəysət heyətinin bu gün keçirilən iclasında müzakirə olunub.
İclasda bildirilib ki, hazırda ölkədə uğurla aparılan islahatların əsas istiqamətlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları səviyyəsində həyata keçirilən kompleks tədbirlərdir. Bu tədbirlər ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, həmçinin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, eləcə də yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.Qeyd olunub ki, Azərbaycanın özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə, mədəni dəyərlərə malik regionlarından biri də respublikamızın şimal bölgəsidir. AMEA-nın Quba Regional Mərkəzinin yaradılmasında məqsəd isə bu bölgədə elmi tədqiqat fəaliyyətini gücləndirmək və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaları lazımi səviyyədə aparmaq, eləcə də şimal bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaratmaqdır.
İclasda Quba Regional Elmi Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib və müvafiq qaydada vəsatət qaldırılması haqqında qərar qəbul edilib. Qərara əsasən, aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Xuduş oğlu Şükürov Quba Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən təyin edilib.