Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, iş adamı Mehmet Mutlu və YAŞAT Fondunun birgə həyata keçirdiyi, "Yeni Müsavat" Media Qrupunun dəstəklədiyi “Hədiyyə karvanı” Tovuz, Ağstafa, Gəncə, Gədəbəy, Göygöl, Goranboy, Naftalandan və Ağdamdan sonra Tərtərə çatıb.
Musavat.com xəbər verir ki, Türkiyə Uşaq Oyunları Federasiyasının nümayəndələri Salim İsot və Tuğba Baylan bu dəfə də şəhid ailələrini evlərində ziyarət edib.
Bir qrup şəhid və qazi övladlarını ilə görüş isə Bayraq meydanında baş tutub.
Qonaqları rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb və şəhid ailələri ilə görüşlərdə də iştirak edib.
İcra başçısı qonaqlarla görüş zamanı iki qardaş ölkə arasındakı münasibətlərdən danışıb, Vətən Müharibəsi zamanı qəhrəman şəhərlərdən biri olan Tərtər haqqında məlumat verib. Müstəqim Məmmədov qonaqları Tərtərdə şəhid olan mülki şəxslər, rayona dəymiş zərər və görülən işlər barədə bilgiləndirib.
İcra başçısı belə bir həssas məqamda, belə xeyriyyə aksiyası ilə onları ziyarət edən qonaqlara təşəkkürünü bildirib:
"Biz iyunun 1-də şəhid və qazi övladları üçün şənlik təşkil etdik. Onları sevindirmək, onların yanında olmaq bizim borcumuzdur. Bu gün də siz onları ziyarət edirsiniz. Bu, qardaş ölkənin bizə olan dəstəyi və sevgisidir. Özüm və şəhid ailələri adından sizə və Türkiyə dövlətinə təşəkkür edirəm".
Salim İsot isə bu ziyarətin bir qardaşın qardaşa dəstəyi, vəfa borcu olduğunu deyib. Bildirib ki, Vətən Müharibəsinin yaxından izləyən zaman Tərtərdə baş verən hadisələr barədə də ətraflı məlumatlar alıblar.
Bayraq meydanında şəhid övladlarına hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
Daha sonra rayonun Ələsgərli kəndində şəhid Azər Qasımovun evi ziyarət olunub. Tərtər şəhərində şəhid gizir Xəyal Aslanov, Ayşad Əzizov və Aysənan Abbasovun evləri ziyarət də edilib, övladlarına hədiyyələr təqdim edilib.
Qeyd edək ki, rayonun digər şəhid və qazilərinin övladlarının hədiyyələri YAŞAT Fondunun əməkdaşları tərəfindən təqdim olunacaq.












