Şəhidin yeni doğulan övladına atasının adı verilib - VİDEO

Şəhidin yeni doğulan övladına atasının adı verilib - VİDEO backend

Vətən müharibəsi şəhidi Qubat Əliyevin ikinci övladı dünyaya gəlib.

"Report"un xəbərinə görə, körpəyə atasının adı verilib.

İyunun 4-də Qubat və anası xəstəxanadan evə yola salınıblar. Mərasimdə şəhidin ailə üzvləri, Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, "YAŞAT" Fondunun təmsilçiləri, şəhidin hərbçi yoldaşları və gənc könüllülər iştirak ediblər.

Şəhidin yeni doğulan övladının zəruri xərcləri "YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə körpənin anasına 1 000 manat təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq.

Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanan məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxaracaq.

Bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Qeyd edək ki, Sumqayıt şəhər sakini Əliyev Qubat Hüsür oğlu könüllü şəkildə Vətən müharibəsinə gedib. O, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Q.Əliyev noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

O, Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Q.Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.