Gədəbəydə 87 yaşlı qadını tövlədə bağlayan şəxs barəsində cinayət işi başlanıb

Gədəbəydə 87 yaşlı qadını tövlədə bağlayan şəxs barəsində cinayət işi başlanıb backend

“Gədəbəy rayonunun Nova İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılan ahıl qadın psixo-nevroloji mərkəzə yerləşdirilib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, 1934-cü il təvəllüdlü Gədəbəyin İvanovka kəndində yaşayan Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayıldıqdan sonra Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin kəndə gələrək qadını kənd ərazisində gəzərkən aşkarlayıb:

“Onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra aidiyyəti qurumlara məlumat verilib və Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı psixo-nevroloji mərkəzə yerləşdirilib”.

O bildirib ki, ahıl qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib:

“Tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə başlanılan cinayət işi rayon prokurorluğuna göndərilib. Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, ötən gün “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə 85 yaşlı Səkinə adlı qadının Gədəbəy rayonunun Novo İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılması barədə videogörüntüləri yayıb.