Türkiyədən gələn "Hədiyyə karvanı" Gədəbəydə: Şəhid övladları ilə görüş - FOTO

Türkiyədən gələn "Hədiyyə karvanı" Gədəbəydə: Şəhid övladları ilə görüş -  FOTO backend

Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı”nın növbəti dayanacağı Gədəbəy rayonu olub. 

Musavat.com xəbər verir ki, Türkiyədən gələn qonaqlar Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, 22 və 26-cı dönəmlərdə Ak partidən millət vəkili olmuş, professor Mustafa Ilıcalı və İstanbul Universiteti rektor yardımçısı, professor İlyas Topsakal və digər qonaqlar Gədəbəy Rayon İcra Hakimiyyətində olublar.

Görüşdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Gədəbəy-Tovuz seçki dairəsindən seçilmiş millət vəkili Arzu Nağıyev də iştirak edib.

Görüş zamanı Gədəbəy rayon icra başçısı İbrahim Mustafayev qonaqları salamlayıb. İcra başçısı rayon haqqında, 2019-cu ildə Gədəbəydə baş tutan izdihamlı Milli Yaylaq Festivalı haqda məlumat verib. Daha sonra isə hazırlanan video çarxlar izlənilib.

Rauf Arifoğlu festivalın önəminə diqqət çəkərək bunun rayonun və ümumilikdə Azərbaycanın tanıtımı üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

İcra başçısı Milli Yaylaq Festivalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın iştirakının festivalı daha da önəmli etdiyini qonaqların diqqətinə çatdırıb.

Professor Mustafa Ilıcalı icra başçısının salamını və təşəkkürünü videogörüntü vasitəsi ilə Bilal Ərdoğana bildirib.

İcra başçısı qeyd edib ki, Milli Yaylaq Festivalı rayonun tanıtımı adına çox böyük fürsət oldu: "Bilal Ərdoğanın həmin festivalda iştirakı bizim üçün sürpriz idi. Buradan sizin vasitənizlə bir daha Bilal bəyə təşəkkür edir, salamlarımızı çatdırıram. Bilal bəyi növbəti dəfə rayonumuza səfərə dəvət edirəm".

İcra başçısı İbrahim Mustafayev Türkiyədən və Bakıdan gələn qonaqlara bu cür xeyriyyə layihəsinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Daha sonra qonaqlar icra başçısı ilə birlikdə Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin şəhid və qazilərinin ailə üzvləri ilə görüşüb, övladlarına hədiyyələrə təqdim ediblər.

Mehmet Mutlu şəhid ailələri ilə görüşən zaman onlara Türkiyə dövlətinin, Türkiyə xalqının salamlarını çatdırıb.

"Bu səfərdə məqsədimiz sizin yanınızda olmaq, dərdinizi, acınızı bölüşməkdir. Biz sizin qardaş ölkəyik, qardaşınızıq. Dərdinizi bölüşmək də borcumuzdur. Təəssüf ki, bu məsələdə ancaq əlimizdən bu gəlir. Sizə qardaş ölkədən sevgilər və salamlar var", - deyə Mehmet Mutlu şəhid ailələrinə xitabən bildirib.

İcra başçısı İbrahim Mustafayev Türkiyə dövlətinə və qardaş ölkədən gələn qonaqlara bu diqqətləri üçün bir daha təşəkkürlərini çatdırıb: "Bu qədər uzun yolu gəlib, dağ başındakı kəndlərdə şəhid və qazilərimizin övladlarını ziyarət edən bütün qonaqlarımıza minnətdarıq. Bu diqqət Türkiyə dövlətinin, qardaş ölkəmizin hər zaman bizim yanımızda olduğunu göstərir".

Millət vəkili Arzu Nağıyev də həm qonaqlara, həm də bu layihənin icrasında əməyi olan şəxslərə təşəkkürünü çatdırıb: "Bizim şəhid və qazi övladları qarşısında borcumuz ödənməz. Onların valideynləri, ataları şəhadəti şərbət edərək vətənə xidmət ediblər. Onlar bizə əmanətdirlər. Sizin bu diqqətiniz də onların sevincinə səbəb oldu".

Rauf Arifoğlu şəhid ailələri ilə görüş zamanı bunları deyib: "Hər şeyi sizin atalarınıza, övladlarınıza borcluyuq. Bu işin təşkil olunmasında əməyi olan icra başçısına, millət vəkilinə, "ASAN Xidmət"ə, YAŞAT Fonduna, Türkiyədən gələn bütün qonaqlarımıza təşəkkür edirəm. Amma ən böyük təşəkkür şəhid, qazi övladlarına, ailəsinə düşür".

Mustafa Ilıcalı və İlyas Topsakal da şəhid ailələrinə baş sağlığı verib, onların övladlarına hədiyyələr təqdim ediblər.

Diaspora