Ucarda şəhid kapitan Elçin İsmayılovun doğum günü qeyd olunub - VİDEO

Ucarda şəhid kapitan Elçin İsmayılovun doğum günü qeyd olunub -  VİDEO backend

Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn gənclərdən biri, Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Elçin Mübariz oğlu İsmayılovun bu gün doğum günüdür.

APA TV-nin məlumatına görə, yaşasaydı, 32 yaşı tamam olacaqdı. Amma torpaqlarımızın bir qisminin işğal altında olması ona rahatlıq vermədi. Vətənin bütövlüyünü öz canından əziz tutdu və şəhidlik zirvəsinə yüksəldi. Hər bir azərbaycanlı kimi, şəhidinə yüksək hörmət və ehtiram göstərən ucarlılar bu gün şəhid kapitan Elçin İsmayılovun məzarını ziyarət ediblər. Şəhidin ad gününü qeyd etmək, yaxınlarına təsəlli vermək məqsədilə rayon ərazisində salınmış Şəhidlər Xiyabanına Elçinin yaxınları, hərbçi yoldaşları, məktəblilər və rayon sakinləri toplaşmışdılar. Şəhidin ruhuna dualar oxundu və məzarı üstə gül dəstələri düzüldü. Sonda şəhidin atası Mübariz İsmayılov hər kəsə minnətdarlığın bildirdi. Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, qərargah rəisinin müavini, kəşfiyyatçı kapitan Elçin Mübariz oğlu İsmayılov 1989-ci ildə Ucar rayonunda anadan olub. 1995 - 2006-ci illərdə Ucar rayonundakı 1 saylı tam orta məktəbdə təhsil alıb. Təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Ali məktəbi bitirdikdən sonra təkmilləşdirmə kursunu bitirib və bir neçə ölkədə təlimlər keçib. Təlimlərdə hər zaman yüksək nəticə göstərən Elçin könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyi seçib. Elçin 2012-ci ildən N saylı hərbi hissəyə qrup komandirinin müavini, 2014-cü ildən xüsusi əməliyyat qrupunun komandiri vəzifələrində xidmət edib. 2015-ci ildə Qazax və Ağstafa istiqamətindəki döyüşlərdə, 2016-ci ildə isə Talış istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Vətən Müharibəsinin ilk günlərindən cəbhədə komandir kimi fəaliyyətə başlayıb. Murovdağ istiqamətindən başlayaraq Kəlbəcər, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 7-də Füzuli istiqamətində gedən döyüşlərdə mühasirədə olan döyüş yoldaşlarını xilas edərkən düşmən snayperinə tuş gələrək şəhid olub. 2012-ci il oktyabrın 7-də ailə həyatı quran Elçin İsmayılov 2020-ci il oktyabrın 7-də şəhid olub. Şəhid kapitan Elçin Mübariz oğlu İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.