Qarabağ qaziləri Milli Məclisə MÜRACİƏT ETDİ - Qazilərin "qanpulu" ilə bağlı

Qarabağ qaziləri Milli Məclisə MÜRACİƏT ETDİ - Qazilərin "qanpulu" ilə bağlı backend

"Qarabağ qaziləri" ictimai birliyi Milli Məclisə müraciət ünvanlayıb.

Qaziler.az bildirir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisinin sədri hörmətli Sahibə Qafarovaya və dəyərli millət vəkillərinə
 
 
Hörmətli, Sahibə xanım, dəyərli millət vəkilləri!

“Qarabağ qaziləri” ictimai birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb əlil olmuş şəxslərin hüquq və mənafelərini qoruyan, onların problemlərinin həllinə nail olmağa çalışan bir təşkilatdır. Təşkilatımız həmişə dövlətimizin, dövlətçiliyimizin, o cümlədən Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin yanında olub. Bundan sonra da belə olacaq.
 
Yeri gəlmişkən, hər birinizi Azərbaycan ordusu tərəfindən 44 günlük döyüşlərlə Qarabağ torpaqlarının erməni işğalından azad edilməsi münasibəti ilə təbrik edirik!
 
Hörmətli, Sahibə xanım, dəyərli millət vəkilləri!

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlilik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. Amma üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, şəhid ailələri və Qarabağ əlilləri bu məbləği ala bilmirdilər. Hörmətli cənab Prezidentimiz İlham Əliyevin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmələr verilməyə başladı.  Şəhid ailələrinə və onların varislərinə birdəfəlik ödəmə yolu ilə 11.000 (on bir min) manat məbləğində vəsaitin ödənməsi prosesi başa çatmaq üzrədir. 
 
Lakin Qarabağ əlillərinə çatacaq sığorta pulu hələ də verilməyib. Bəzi Qarabağ əlili var ki, əllərində bu vəsaitin Azərsığorta Dövlət Sığorta Şirkəti tərəfindən ödənməsi barədə məhkəmə qərarı da var. Di gəl ki, adı çəkilən şirkət bu vəsaiti hələ də ödəməkdən boyun qaçırır.
 
Bu məsələ bütün məhkəmə instansiyalarını keçərək hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumuna qədər gedib çıxdı. Bizim iştirakımızla Konstitusiya Məhkəməsi Plenumunun da bu vəsaitin şəhid ailələrinə və Qarabağ əlillərinə ödəməsi üçün 28 yanvar 2014-cü il tarixdə qərar verib. Amma “xırda” bir tövsiyə ilə - “Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin”. Həmin qərar verilən andan bu günə qədər Qarabağ əlilləri dəfələrlə Milli Məclisdə olub, çoxlu sayda millət vəkilləri ilə görüşüb problemin həllinə kömək istəmişik. Lakin bu günə qədər heç bir nəticə olmayıb. Yəni qısa yazsaq, Azərsığorta illərdi Qazilərin pulunu vermir. Səbəb kimi də Konstitusiya Məhkəməsi Plenumunun məsələni Milli Məslisə göndərdiyi tövsiyəsini göstərirlər.
 
Neçə illərdir Qazilər qalıb Azərsığorta Dövlət Sığorta Şirkəti, Konstitusiya Məhkəməsi və Milli Məclis arasında.
 
Hörmətli, Sahibə xanım, dəyərli millət vəkilləri!
Sizdən artıq dərəcədə xahiş edirik, Qarabağ əlillərinin qanunla onlara düşən sığorta pullarının ödənməsinə köməklik edin!"