"Ağdam xarici siyasətçilər, jurnalistlər üçün sərgi salonu, muzey deyil".
Qazilər.az bildirir ki, bu fikirlər Əməkdar jurnalist Aydın Bağırovun feysbuk səhifəsindəki yazıda qeyd olunub.
"Başa düşürük, dağıntıları, erməni vəhşiliyini göstərmək baxımından belə səfərlər davamlı şəkildə təşkil olunmalıdır. Amma bununla bərabər rayonun sakinlərinin də səfərlərinə kiçik qruplar şəklində olsa belə şərait yaradılmalıdır. Ən çox da yaşlı nəslin nümayəndələrinə. Elə adam var, son nəfəsində gedib 28 il həsrətində olduğunu yurd yerini görmək istəyir. Amma biz nəyi görürük? Ağdam (eləcə də digər rayonlarımız) işğaldan azad olunduğu son 6 ayda yerli əhalinin bir faizi nədir, heç yarım faizi də şəhərə, kəndlərə, buraxılmayıb. Hətta elə olur ki, şəhid ailələrinin üzvləri belə doğmalarının dağılmış qəbirlərini ziyarət etməyə icazə ala bilmirlər.
Təkcə məndən son altı ayda onlarla ağdamlı xahiş edib ki, onlara bu məsələdə köməklik göstərim.
Bəli, başa düşürük ki, mina var, təhlükəli ərazi böyükdür. Məsələn, mən özüm noyabrın 28-də jurnalist kimi Ağdama səfər etsəm də, məsciddən piyada cəmi 10 dəqiqə aralıda olan uşaqlığımın keçdiyi həyəti, indi dağılmış evimizi görə bilmədim. Dedilər, mina var, xahiş edirik, getməyin. Mənim də razılaşmaqdan başqa çarəm qalmadı. Halbuki ümid edirdim ki, indi bütün evlər kimi, darmadağın olmuş o evdən, o həyətdən uşaqlığımın bir xatirəsi rastıma çıxa bilər. Sözüm bunda deyil. Həmin səfərdən qayıdanda bir yaxınım zəng vurub məndən həyəcanla, dolmuş halda içimi titrədən belə bir xahiş etdi: “Babam ölüm ayağındadır, gələndə özünlə Ağdamın bir ovuc torpağını, daşını gətir...”
Təəssüf ki, artıq gec idi.
Bu gün ağır xəstəlikdən əziyyət çəkən neçə-neçə yaşlı ağdamlı var ki, bəlkə də ömrünün son aylarını, günlərini yaşayır, gedib şəhərlərini, kəndlərini görmək istəyir. Amma müraciətləri təmin olunmur. Halbuki heç həyətləri, kəndləri bir kənara qoyaq, heç olmasa onların minalardan təmizlənmiş ərazilərə baş çəkməsinə şərait yaratmaq mümkündür. Yəni dövlət tərəfindən icazə verilən standart marşrut üzrə. Məsələn, gedib Ağdam Cümə məscidini görsünlər, dindar insanlarımız orada namazlarını qılsın, Şəhidlər Xiyabanını, İmarəti ziyarət etsin, Ağdamın havasını udsun. Təbii ki, hərbçilərimizin, polislərimizin bələdçiliyi, müşayiəti ilə. Bunu ki etmək olar. Bu rayonu qurmuş, yaşatmış, qorumuş, bu rayonu qoruyarkən şəhid olan 6 mindən çox insanın ailə üzvlərinin səfərlərinə STOP qoyulmamalıdır. Ağdamı yaşadan, quran yerli əhalidir, bu gün ora səfər edən, səfərdən sonra da çoxusunun yadından çıxardığı ingilis, ərəb, afrikalı yox. Və bu insanlar belə bürokratik əngəllərlə dövlətdən incik salınmamalıdır.
Son günlər yerli əhalinin rəyi nəzərə alınmadan Ağdamın “şumlanması”na başlandıqdan sonra isə narahatlıq çoxalmağa başlayıb. Bəli, bərpa prosesinin başlanması hamımızı sevindirir. Lakin ev, həyət dağılmış olsa belə, orada hər birimizin xatirəsi yaşayır, axı. Ağdam və azad olunan digər rayonlarımızın camaatının gedib birinci və sonuncu dəfə dağılmış evini, həyətini görmək haqqıdır və bu haqqa girmək olmaz.
Ümid edək ki, dövlətimiz son günlər Ağdam camaatı tərəfindən səslənən bu haqlı narahatlığı eşidəcək və başda yaşlı insanlarımız olmaqla tezliklə qrup halında onların doğma yurdlarına səfərlərinə şərait yaradacaq.