AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən xəbərə görə, cari ilin çöl-tədqiqat mövsümündə fəaliyyətini davam etdirən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyası aparılmış tədqiqatlar barədə ilkin yekunlarını açıqlamışdır.
Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədovun bildirdiyinə görə, aparılmış tədqiqatların ilkin mərhələsində Ağdam rayonunun Armudlu kəndi yaxınlığındakı İsmayılbəy təpə qədim yaşayış yerində hündürlüyü 3,40 m, diametri 5,4 m olan yaşayış evindən 4 təsərrüfat küpü, 1 uşaq qəbri və 200 ədəd sapand daşı aşkar edilib.Bildirək ki, dörd çöl-tədqiqat mövsümündə İsmayılbəy təpə qədim yaşayış yerinin 400 kv. metr ərazisində qazıntı işləri aparılıb. Tədqiqat zamanı tapılmış üzvü qalıqların İsrailin Rexovot şəhərindəki Veysman institutunda radiokarbon analizləri göstərir ki, İsmayılbəy təpə qədim yaşayış məskəninin üst qatları e.ə. 5700-cü il hüdudlarına aiddir.
Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri X. Alməmmədov həmçinin bildirib ki, burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün unikal səciyyə daşıyır. Belə ki, yaşayış məskəninin üst qatlarında evlər planda dairəvi olduqları halda, hələ bir qismi tədqiq edilmiş və daha qədim dövrə aid aşağı qatlardakı evlər düzbucaqlı plana malikdirlər.
Həmçinin, abidənin istər Cənubi Qafqaz, istərsə bütünlükdə Ön Asiya neolit və xalkolit dövrü yaşayış məskənləri ilə müqayisədə daha bir fərqli nadir xüsusiyyəti vardır – yaşayış məskəni mühafizə tikililəri ilə əhatə edilmişdir.