Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib

Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib backend

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanın ATƏT-ə verdiyi önəmi, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətini vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruktiv yanaşma, bu ölkənin 44 günlük müharibə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər də daxil olmaqla, törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə diqqət çəkib.

Nazir Ermənistanın hərbi təxribatlarına cavab olaraq ötən ilin 27 sentyabr tarixində Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatını qeyd edərək, onun nəticəsində Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. 10 noyabr 2020-ci il, eləcə də 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların icrasının əhəmiyyətini qeyd olunub.

Hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı, bunun hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında mümkün olduğunu diqqətə çatdırıldı. Bu xüsusda, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünə toxunulub.

Çıxışda nazir, habelə münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya proseslərinin əhəmiyyətini vurğuladı. Bu istiqamətdə Azərbaycanın ATƏT-in icraçı strukturları ilə əməkdaşlıq etməyə davam edəcəyi qeyd olundu. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı, ATƏT-in də bu proseslərə töhfə verə biləcəyi vurğulanıb.

C.Bayramovun çıxışına cavab olaraq ATƏT-in iştirakçı dövlətlərinin əksəriyyətinin Daimi Nümayəndələri çıxış etdilər. Çıxışlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra bölgədə vəziyyətin sabitləşməsinin önəmi və bunun davamına ehtiyacın olması, sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibliyi, yüksək səviyyədə siyasi dialoqun bərpasına ehtiyac, müharibədən sonrakı dövrdə inam və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinin zəruruliyi, habelə humanitar tədbirərin həyata keçirilməsi və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti, regionda iqtisadi və nəqliyyat bağlantılarının açılmasının önəmi, Azərbaycan-Ermənistan sərhədində baş vermiş son gərginliyin danışıqlar yolu ilə həllinin vacibliyi vurğulandı.

Görüş zamanı C.Bayramov Ermənistan nümayəndəsi tərəfindən Azərbaycana qarşı səsləndirilən əsassız iddiaları cavablandırıb.