Məscidlər nə vaxt açılır? - QMİ-dən açıqlama

Məscidlər nə vaxt açılır? -  QMİ-dən açıqlama backend

Azərbaycanda bir il yarımdır ki, dini ibadət yerləri və ziyarətgahların fəaliyyəti məhdudlaşdırılıb, kütləvi ibadətlər və tədbirlər dayandırılıb.

Qazilər.az Baku.vs-yə istinadən xəbər verir ki, buna səbəb pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin tədbirləridir.

Azərbaycanda koronavirusa yoluxanların sayında azalmanın müşahidə edilməsi karantin qaydalarının yumşaldılması ilə nəticələnib. Hətta TƏBİB rəsmiləri açıq havada maska qadağasının ləğv ediləcəyi və toylarla bağlı icazənin verilmə ehtimalının olduğunu açıqlayıb.

Mövcud vəziyyətdə Azərbaycanda fəaliyyətinə qadağa qoyulan məscidlər, ziyarətgahlar və digər ibadət ocaqlarının fəaliyyətini müəyyən şərtlərlə nə vaxt bərpa edəcəyi böyük maraqla gözlənilir. Bu məsələyə münasibət öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənliyə müraciət etdik.

QMİ rəsmisi bildirdi ki, məscidlərin açılması ilə bağlı məsələ son günlər gündəmdədir: "İnsanlar məscidlərin açılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciətlər ünvanlayırlar. QMİ də bu istiqamətdə müvafiq qurumlara müraciətlərini edib.

Yoluxma sayı azalarsa, məscidlərin fəaliyyətini bərpa etdirməsi məsələsi yaxın günlərdə həlli tapa bilər. Məscidlərdə sosial məsafənin qorunması, maskaların taxılması və digər qaydalara riayət olunmasına icma üzvləri nəzarət edə bilərlər. Hesab edirik ki, məscid icmaları bu işin öhdəsindən gələ bilər.

İndiki şəraitdə və müəyyən qaydaları gözləməklə məscidlərin fəaliyyətini bərpa etməsi mümkündür. Hər-halda məsələ müzakirə olunur, bu barədə qərar açıqlanan kimi ictimaiyyətə açıqlanacaq. QMİ müvafiq qərarın qəbul olunması üçün təşəbbüslərlə çıxış edir".